Rusiya hərbi rəhbərliyi bu günlərdə 4 hərbi dairəyə yeni komandanlar təyin edib. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan verilən məlumata görə, bu, rus ordusundakı mövcud uğursuzluqları aradan qaldırmaq üçün edilən növbəti cəhddir. Amerikalı analitiklərin fikrincə, bu, həm də Rusiya ordusunu Ukraynada yenilənmiş genişmiqyaslı hücuma hazırlamaq səylərinin bir hissəsidir. Hesabatda eyni zamanda Rusiya Silahlı Qüvvələrinin, habelə “Vaqner” muzdlu hərbi təşkilatının son vaxtlar əhəmiyyətli itkilər verdiyi xatırladılıb.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İnterpress.az-a açıqlamasında bildirib ki, Rusiya ötən müddət ərzində, demək olar ki, hansısa ciddi uğur əldə etməyib. Müxtəlif vaxtlarda atılan fərqli addımlar, o cümlədən ötən ilin sentyabrında elan edilən səfərbərlik, keçirilən saxta referendum, həmçinin komandan dəyişiklikləri Rusiyanın “B” planı kimi qiymətləndirilməlidir. Hərçənd ki, həmin cəhdlərin nəticəsi olmamışdı:
“Hərbi dairələrə yeni komandanların təyin edilməsi lazımi effekti verməyəcək. Çünki uğursuzluqların səbəbi daha dərindədir. Rusiyanın Ukraynadakı uğursuzluğunun səbəblərini sadalamağa çalışaq: Birincisi, Rusiya ordusu mənəvi-psixoloji böhran içindədir. Hərbçiləri lazımi stimula malik deyillər. İkincisi, Rusiya ordusunda fikir ayrılığı var. Nizami ordu, “Vaqner” özəl hərbi şirkəti və digər qruplar arasında fikir ayrılığı hökm sürür. Bu, getdikcə daha aydın hiss olunur. Üçüncüsü, Rusiya ordusunda hərbi-texniki çatışmazlıq güclənir. Dördüncüsü, ölkə daxilində narazılıq artır. Beşincisi, hərbi-siyasi hakimiyyətdə gərginlik davam edir. Məhz bu amillər Rusiyaya döyüş meydanında üstünlüyü ələ almağa imkan vermir. Ümumiyyətlə, zaman Moskvanın əleyhinə işləyir. Hər ötən gün Rusiyanın işi daha da çətinləşir. Rusiyanın yaxın vaxtlarda ciddi strateji üstünlük əldə edəcəyi inandırıcı görünmür. Çox güman ki, döyüşlər hələ bir müddət bu templə davam edəcək. Qərb Rusiyaya üstünlüyü ələ almağa imkan verməz. Görünən odur ki, Kremlin “B planları” o qədər də effektiv deyil”.