Əfqanıstanda qadınları və qızları gender əsaslı zorakılıqdan qorumaq və günahkarları cəzalandırmaq üçün adekvat hüquqi mexanizmlər yoxdur.
İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı missiyasının yeni hesabatında qeyd edilib.
“Şikayətlərə çox vaxt kişilər tərəfindən baxılması vəziyyəti çətinləşdirir. Faktiki hakimiyyət orqanlarından qorxan bir çox qurbanlar ənənəvi mexanizmlər vasitəsilə təzminat əldə etməyə üstünlük verirlər”, – hesabatda bildirilib.
BMT analitikləri vurğulayıblar ki, 2021-ci il avqustun 15-də Əfqanıstanda “Taliban” hakimiyyəti ələ keçirməmişdən əvvəl də qadınlara və qızlara qarşı gender əsaslı zorakılıq səviyyəsi yüksək olub: “Lakin o vaxtdan bəri vəziyyətin daha da pisləşib”.
Qeyd edilib ki, qadınlara və qızlara qarşı zorakılıq halları ilə bağlı polisə, prokurorluğa və məhkəmələrə verilən şikayətlərin ən çox yayılmış səbəbləri qətllər, o cümlədən “namus” cinayətləri, zorlama, bədən xəsarətləri və mirasdan məhrumetmə olub.