Sloveniyanın Qrahovo bölgəsindəki Krizna mağarasında sıxışan 5 nəfər su çəkildiyi üçün Sloveniya Mağara Xilasetmə Xidməti qrupları tərəfindən xilas edilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Sloveniya Mağara Xilasetmə Xidməti bildirib ki, Krizna mağarasında qapalı qalanlar üçün başladılan xilasetmə əməliyyatı uğurla tamamlanıb. Saat 15.05-də bütün xilasetmə qrupları və tələyə düşmüş insanlar mağaradan çıxıblar:
“Biz xilasetmə qruplarını və bu möhtəşəm aksiya üçün maddi-texniki dəstək verən komandaları təbrik edirik”.
İki bələdçi və üç turistdən ibarət komanda yanvarın 6-da yerli vaxtla saat 08:00-da mağaraya daxil olub.
Üçüncü bələdçi komandanın saat 15:00-da razılaşdırılmış görüş yerinə gəlmədiyini görəndə bu barədə səlahiyyətlilərə məlumat verib.
Mağaraya gedən xilasetmə qrupları suyun səviyyəsinin yüksək olması səbəbindən qapalı qalanları çıxara bilməsələr də, quru paltar və qida çatdırıblar.