Britaniyalı jurnalist: “Bakı ilə İrəvan arasında sülh prosesinin beynəlxalq vasitəçiliklə aparılması aktuallığını itirir”backend

Britaniyalı jurnalist: “Bakı ilə İrəvan arasında sülh prosesinin beynəlxalq vasitəçiliklə aparılması aktuallığını itirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı ilə İrəvan arasında sülh prosesinin beynəlxalq vasitəçiliklə aparılması aktuallığını itirir.

İnterpress.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında britaniyalı jurnalist Onnik Krikoryan deyib.

“Düşünürəm ki, Fransanın Avropa İttifaqı (Aİ) Şurasının səylərində iştirakı Brüsselin sülh danışıqlarına dair platformasına zərbə vurub, bəzən isə hətta onu nüfuzdan salıb. Eyni zamanda, ABŞ-də keçiriləcək seçkilər prezidentliyə namizədlərin bəzilərinin Ermənistan-Azərbaycan münaqişəsindən öz şəxsi maraqları üçün istifadə etməsinə səbəb ola bilər”, – o bildirib.

Onun sözlərinə görə, ötən il Qranadada Avropa İttifaqı Şurasının Şarl Mişelin şəxsində təşkil etdiyi görüşdə Emmanuel Makron, Olaf Şolts və Nikol Paşinyan tərəfindən bəyanat verildi: “Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın orada olmamasına baxmayaraq, hər iki ölkəyə qarşı tələblər irəli sürüldü”.

O.Krikoryan xatırladıb ki, məhz bu bəyanatdan sonra Azərbaycan açıq şəkildə tərəflər arasında görüşün xüsusən neytral ölkələrdə və ya sərhəddə birbaşa keçirilməsinə çağırıb:

“Bakının hər hansı platformaya tam qarşı olduğuna əmin deyiləm. Lakin o, heç bir tərəfə (Aİ və ABŞ) neytral vasitəçi kimi baxmır. Çox güman ki, ikitərəfli danışıqlar tələbi daha çox Azərbaycanın vasitəçilərin qərəzli, həmçinin açıq şəkildə ermənipərəst kimi qəbul edildiyi platformada iştirak etməyəcəyi barədə ABŞ və Aİ-ni xəbərdar etmək məqsədi daşıyır”.

Britaniyalı jurnalist qeyd edib ki, hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsinə, eləcə də iki ölkə arasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dair razılaşma çox əhəmiyyətli olub: “Bu məsələr məhz iki tərəf arasında razılaşdırılıb. Bəzi erməni analitiklər bunun birbaşa ABŞ-nin Azərbaycana təzyiqinin nəticəsi olduğunu iddia edirlər, lakin bu iddianı dəstəkləyəcək dəlillər yoxdur”.

Ekspert əlavə edib ki, bu analitiklər ikitərəfli danışıqlara, hətta onların bəziləri sülh sazişinin imzalanmasına qarşı çıxırlar: “İndi biz Azərbaycan xarici işlər nazirinin erməni həmkarı ilə sərhəd görüşü ilə bağlı son təklifinin qəbul olunacağını gözləyirik. Bu, danışıqların tam ikitərəfli formata keçib-keçmədiyinin real göstəricisi olacaq. Bir çox məsələ ABŞ-nin 907-ci düzəlişi dayandırmağa razı olmasından asılı olacaq”.

“Bəzi beynəlxalq müşahidəçilər uzun müddətdir ki, ikitərəfli danışıqların yeganə irəliləyiş yolu olduğunu iddia edirlər. İstənilən halda, sərhəddə görüşlərin getdikcə daha çox keçirilməsi o deməkdir ki, sülh prosesinin beynəlxalq vasitəçiliklə aparılması aktuallığını itirir”, – britaniyalı jurnalist sonda vurğulayıb.