“Paşinyan torpaq mübadiləsi elan etdi, biz bunu istəyirdik”.
İnterpress.az xəbər verir ki, bunu işğal altında olan Əskipara kəndində məskunlaşan Laura adlı erməni qadın erməni mediasına müsahibəsində deyib. O, Ermənistanın baş naziri Nikol Paşinyanla bugünkü görüşün təfərrüatlarından danışıb.
Onun sözlərinə görə, Nikol Paşinyan bəyan edib ki, torpaq mübadiləsi aparılmalıdır.
“Bizim sərhədçilər çayın bu tərəfində, azərbaycanlılarınki isə o tərəfdə olmalıdır. İstədiyimiz bu idi.
Paşinyan bildirdi ki, belə bir razılaşma var. Kəndlilər bundan razı qaldılar. Kilsəmizin o biri tərəfində bizə 100 metrdən çox qalıb, orada tikanlı məftillər çəkiləcək”, – erməni qadın deyib.
Qeyd edək ki, Paşinyanla görüş qapalı keçirilib. Onun iştirakçılarına heç nə çəkməyə icazə verilməyib.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı martın 18-də Əskiparada olub, sakinlərinə 10 gündən sonra geri dönəcəklərini vəd edib. Amma əslində o, bunu bir ay sonra edib.
Xuraman Etibarlı
İnterpress.az