Bakıda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı konfrans keçirilir.
İnterpress.az xəbər verir ki, tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin “Bənövşə” uşaq xorunun ifasında Azərbaycanın Dövlət Himninin və Türkiyənin “İstiqlal” marşının səsləndirilməsi, türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar konfrans iştirakçılarına videomüraciət ünvanlayıb. O, videomüraciətində bildirib ki, bu gün iki ölkə arasında münasibətləri daha da dərinləşir:
“Azərbaycana son səfərim zamanı bizə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, həmçinin Azərbaycan xalqına minnətdaram. Düşünürəm ki, bir millət üç dövlət anlayışı günbəgün daha da genişlənir. Mən hər iki xalqın azadlığı uğrunda canından keçən şəhidlərimizi ehtiramla anıram”.
Qeyd edək ki, Şimali Kipr və Azərbaycandan şəhid ailələrinin vətəndaş cəmiyyəti institutlarının xətti ilə qarşılıqlı səfərləri başlayır.