“Barselona” Ermənistanda akademiya açmalı idi, əvəzində Bakıda açır.
İnterpress.az xəbər verir ki, bunu marketinq üzrə erməni ekspert Alfred Petrosyan deyib.
O bildirib ki, Barselona Akademiyası Ermənistanda açılmalı idi, lakin açılmadı.
“Düşünürəm ki, bunları açıqlamağın vaxtıdır. Artıq hamınız bilirsiniz ki, “Barselona” bizim qonşu ölkədə futbol akademiyası açmağı planlaşdırır.
Lakin burada başqa bir hekayə var: Barselona Akademiyası Ermənistanda açılmalı idi. Mən bütün bu prosesi bir ildən çox idarə etdim.
Hhər iki tərəfin hüquqşünasları tərəfindən imzalanmış 134 səhifəlik razılaşma əldə etdik. Müqavilədə xüsusi bəndimiz var idi ki, növbəti 40 il ərzində qonşu dövlətlərimizdən heç biri Barselona Akademiyasını aça bilməz, çünki onun hüquqları bizə məxsus olacaq.
Layihə səfiri kimi Ronaldinyonu seçdik, o, İnstaqram səhifəsində “Dream of My Country” mahnısını dudukda bir neçə saniyə ifa etdiyi videonu yerləşdirməli, bundan sonra bütün bunları açıqlayacaqdı.
Həmçinin müqavilədə 10 il ərzində “Barselona Legends” komandası ilə 3 yoldaşlıq oyunu keçirməyə icazə verən bənd var idi.
Heç bir dövlət qurumunun dəstəyi olmadı, yalnız müqavilənin imzalanması tarixini təyin etmək qalırdı və bu da bitdi. Ancaq gördüyünüz kimi, bu gün heç vaxt gəlmədi.
Bu fotoşəkilin mərkəzində yerləşən şəxs azərbaycanlı, Joan Laportanın köhnə dostu, Azərbaycanın ən zəngin adamlarından biri və bu layihənin kardinalı Adnan Əhmədzadədir.
Məhz onunla Barselonadakı gürcü restoranlarından birində xinkal yedik, bu bizim və ölkəmiz üçün taleyüklü rol oynadı.
Bundan artıq heç nə deyə bilmərəm, ona görə də bununla məhdudlaşacağıq”, – o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az