Ukrayna Trampın rəhbərliyi altında danışıqlara hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski X hesabında yazıb.
“…Ukrayna sülhə can atır… və davamlı sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Komandam və mən davamlı sülhə nail olmaq üçün Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq”, – Zelenski bildirib.
Ukrayna prezidenti müharibənin başa çatması üçün mümkün ilk mərhələlərin adlarını çəkib: Rusiya da bunu etsə, əsirlərin azad edilməsi, səmada və dənizdə atəşkəs.
“Sonra biz bütün sonrakı mərhələləri çox sürətlə keçmək və Birləşmiş Ştatlarla birlikdə güclü yekun razılaşma üzərində razılığa gəlmək istəyirik. Biz Amerikanın Ukraynaya öz suverenliyini və müstəqilliyini qoruyub saxlamaq üçün nə qədər kömək etdiyini həqiqətən yüksək qiymətləndiririk. Biz Trampın Ukraynanı Javelins (Amerikanın portativ tank əleyhinə raket sistemləri) ilə təmin etdiyi dönüş nöqtəsini xatırlayırıq”, – o qeyd edib.
Zelenskinin sözlərinə görə, fevralın 28-də Vaşinqtonda keçirilən görüş “gözlənildiyi kimi olmadı”.
Nadir faydalı qazıntılar üzrə sazişi şərh edərkən, o bildirib ki, “Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır”.
“Biz bu sazişi təhlükəsizliyin və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndiririk və onun səmərəli işləyəcəyinə səmimi qəlbdən ümid edirəm”, – dövlət başçısı yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az