Alman polisi səhvən universitet professorunu döyüb.
İnterpress.az xəbər verir ki, bu barədə “BİLD” məlumat yayıb. Almaniyanın Bielefeld şəhərində SEK-in xüsusi bölməsi səhvən mənzilə soxularaq universitet professorunu vəhşicəsinə döyüb.
Onların hədəfi axtarışda olan cinayətkar olub. Lakin polis ünvanı səhv salıb və doktor Əmir Cahanian-Nəcəfabadi və onun həyat yoldaşı doktor Hədis İmaniyə hücum edib.
Hadisə 2023-cü ilin martında baş verib, ancaq indi məlum olub.
“Mən qulaqbatırıcı bir partlayış eşitdim. Şüşə qapının arxasında maskalı silahlı adamları gördüm və öləcəyimi düşündüm”, -Cahanian-Nəcəfabadi deyib.
Qapını sındıran polislər kişini çarpayının üstünə atıb və ona zərbələr endiriblər. Arvadının başına tapança dayayıblar və sonra cütlük qandallanıb.
“Mən adımı deyəndə anladılar ki, səhv adama hücum ediblər”, – müəllim xatırlayıb.
Səhvlərini başa düşən polis zərərçəkənin üzündəki qanı silib və çıxıb gedib.
Cahanian-Nəcəfabadi təhlükəsizlik qüvvələrinin ziyarətindən sonra xəstəxanaya yerləşdirilib. Polis hadisədən yalnız təəssüfləndiyini bildirib.
“Polis əməliyyatı nəticəsində günahsız bir insanın yaralanmasına çox təəssüflənirik”, – onlar bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az