Hər il 2 milyondan çox insan bu bakteriyaya yoluxur, 23 min nəfər ölürbackend

Hər il 2 milyondan çox insan bu bakteriyaya yoluxur, 23 min nəfər ölür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən həftədən bəri ABŞ mətbuatında son çarə antibiotiklərə müqavimət göstərən bir bakteriyadan, onların dilində desək “superbug”, yəni “supermikrob”dan söhbət gedir.

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 49 yaşında bir qadın xəstəyə “sidik yollarının infeksiyası” diaqnozu qoyulub və sidik analizində heç bir antibiotikin təsir etmədiyi bir bakteriya aşkar olunub. Elmi tədqiqatçılar bu bakteriyanı “Eşerşiya koli” növünə aid edib, müqavimət göstərən genin “mcr-1” olduğunu müəyyənləşdiriblər və ABŞ-da ilk raport olaraq qeydiyyata salıblar.

Tarixi bilənlər yoluxucu xəstəliklərin bəşəriyyət tarixində nə qədər önəmli rol oynadığını, tarixin gedişatını necə dəyişdirdiyini, savaşlarda ölənlərdən daha çox insanı öldürdüyünü də bilir. XX əsrin əvvəllərinə qədər insanlar yoluxucu xəstəliklərin səbəbinin mikroblar olduğunu bilmirdilər. Yoluxucu xəstəlikləri xalq təbabəti əsasında “müalicə” etməyə çalışırdılar. Ta ki XX əsrin əvvəllərinə- antibiotiklər kəşf olunana- qədər yoluxucu xəstəliklər insanların baş düşməni, 1 nömrəli ölüm səbəbi idi. XX əsrin əvvəllərində Paul Erlik və Aleksandr Fleminq müasir “antibiyotik erası”nın əsasını qoydular.

II dünya müharibəsi dövründən etibarən antibiotiklərin kütləvi istehsalı başladı, yeni antibiotiklər kəşf olundu. Anbiyotiklərin kəşfi ilə o vaxta qədər ölümcül hesab olunan xəstəlikləri sağaltmaq mümkün oldu, insan ömrü uzandı. Hal-hazırda istifadə etdiyimiz antibiotiklərin demək olar ki, hamısı 1980-ci illərin ortalarına qədər kəşf olunmuşdu. Sonra bir yavaşlama dövrü başladı, yeni kəşf olan, təsdiq olunub bazara çıxarılan antibiotik sayı get-gedə azaldı. Belə ki, 2009-cu ildən bəri ABŞ-da cəmi 2 antibiotik təsdiq olunub.

İnsanlar antibiotiklərdən istifadə etdikcə, bakteriyalar da bu dərmanlara qarşı müqavimət mexanizmaları əmələ gətirdi. Bakteriyalar genetik modifikasiyaya uğrayaraq dərmanları parçalamaq qabiliyyəti əldə etdi. Bir bakteriya müqavimət mexanizması əldə edəndə, digər bakteriyalara da yaya bilir. Belə olan halda xəstə antibiyotik alsa da, bakteriya yaşayır, çoxalır, xəstənin vəziyyətini ağırlaşdırır, bəzən də öldürür. Hər il ABŞ-da 2 milyondan çox insan “müqavimət göstərən” bakteriyaya yoluxur, 23 min nəfər ölür. Müqavimət göstərən bakteriyalar antibiotiklər kəşf olunandan bəri bilinirdi. Ancaq indiki qədər yayılmamışdı və tibb elminin əlində son çarə olaraq, “qara gün” üçün saxladığı antibiotiklər var idi. Yuxarıdakı xəstədə isə son çarə antibiotiklər də təsir etməyib. Ən qorxulan isə odur ki, bu bakteriya yayıla bilər.

Mövzu bizim ölkəmiz üçün aktualdır. Antibiyotik müqavimətinin ən əsas səbəbi lazımsız yerə antibiotik istifadə etməkdir. Aptekdən özbaşına antibiotik almaq, düzgün dozada istifadə etməmək, sağalan kimi vaxtından əvvəl buraxmaq, başqalarına yazılan antibiotiki bölüşmək, hər qızdırma, ya da soyuq dəymədə antibiotikə başlamaq, ucuz antibiyotikləri bəyənməyib bahalı olanları seçmək, həkim tabletka yazanda onun yerinə damara vurulandan istəmək, antibiyotikləri kənd təsərrüfatında şüursuzcasına istifadə etmək və s. ölkəmizdə geniş vüsət alıb. Bu əməllərin hamısı bakteriyaların işinə gəlir.

ABŞ “Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzi (CDC)” nin direktoru Tomas Fridın mətbuata açıqlamasında deyir :”Antibiotikdən sonrakı era riski ilə qarşı-qarşıyayıq. Tam bir qorxu və çarəsizlik hiss edirəm”.

Vüsal Vəliyev, kardioloq
[email protected]