Yeni Zelandiyada XİN rəhbərinin evinə hücum edən şəxsə ittiham irəli sürülüb.
İnterpress.az xəbər verir ki, hücum barədə nazirin sözçüsü məlumat verib.
Yeni Zelandiyada bir nəfərə xarici işlər naziri Uinston Pitersin evinə hücumla əlaqədar rəsmi ittiham irəli sürülüb.
Nazirliyin nümayəndəsinin verdiyi məlumata görə, hadisə zamanı evin pəncərəsi armaturla sındırılıb, qapıya isə “Həqiqi dünyaya xoş gəlmisiniz” yazılmış qeyd bərkidilib.
Bildirilir ki, pəncərə şüşələrinin qırıntıları nazirin pəncərə altında yatan itinin üstünə səpələnib.
Hadisə vaxtı Uinston Piters evdə olmayıb, lakin evdə onun həyat yoldaşı və qonağı olub.
Hücum Pitersin Yeni Zelandiyanın Fələstin dövlətini tanımayacağını bəyan etməsindən sonra etirazların və siyasi təzyiqlərin artdığı dövrdə baş verib. Avstraliya, Böyük Britaniya və Kanada bu addımı artıq atıblar.
Polisin məlumatına görə, 29 yaşlı şübhəli oktyabrın 6-da könüllü şəkildə polis şöbəsinə gələrək təslim olub.
Onun işi üzrə məhkəmə iclası oktyabrın 10-da keçiriləcək.
Xuraman Etibarlı
İnterpress.az