Almaniyada yeni seçilmiş meri bıçaqlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Xerdeke şəhərinin yeni seçilmiş meri, 57 yaşlı SPD nümayəndəsi İris Ştaltser bıçaqlanaraq ağır xəsarət alıb. Hücum zamanı o, qarın və bel nahiyəsindən yaralanıb.
Yaralı meri onun oğlu evində tapıb. Ştaltser huşunu itirmədən öncə bildirib ki, ona küçədə bir neçə naməlum şəxs hücum edib.
Həkimlər onun həyatını xilas etmək üçün mübarizə aparır, vəziyyəti kritik qiymətləndirilir.
Polis “ələ keçirmə planı” elan edib və hücum edənləri axtarır. Araşdırmada bütün versiyalar, o cümlədən siyasi motiv də istisna edilmir.
İş ağır cinayətlər üzrə xüsusi istintaq qrupuna verilib.
Qeyd edək ki, İris Ştaltser Xerdeke merliyinə sentyabrın 28-də ikinci turda seçilmişdi və hücum onun seçki qələbəsindən cəmi on gün sonra baş verib.
Xuraman Etibarlı
İnterpress.az