25 aprel 2026 cı ildə Milli Məclisin deputatı professor Fəzail İbrahimli Masallı rayonunun Şərəfə inzibati ərazisinə daxil olan Şərəfə və Ağakişibəyli kəndlərinin seçiciləri ilə görüş və seçici qəbulu həyata keçirib.
Görüş və qəbul Şərəfə kənd qəbristanlığında uyuyan Birinci və İkinci Qarabağ şəhidlərinin ziyarəti ilə başladı. Şəhidlərin məzarları ziyarət edildi, məzarlar üzərinə gül-çiçək dəstələri qoyuldu və şəhidlərin ruhlarına dualar oxundu.
Görüşün və qəbulun keçiriləcəyi Şərəfə kəndi tam orta məktəbin həyətində ucaldılan şəhidlərin abidəsi də ziyarət olundu.
Sonra Birinci Qarabağ şəhidi Qəhrəman İsmayılovun adını daşıyan Şərəfə kənd tam orta məktəbin foyesində şəhidin şərəfinə yaradılmış guşə ziyarət edildi.
Daha sonra Şərəfə və Ağakişibəyli kəndlərinin seçiciləri ilə görüş keçirildi. Görüşə gələn seçicilərlə söhbət edən millət vəkili onları narahat edən məsələləri dinlədi.
Qəbul zamanı seçicilər bir sıra məsələlərlə bağlı şikayət və təkliflərini millət vəkilinə çatdırdılar. Millət vəkili onları tək-tək dinlədi. Əsasən elm və təhsillə bağlı, sosial təminat, məşğulluq, müxtəlif infrastruktur problemləri ilə bağlı məsələlər səsləndirildi. Millət vəkili bəzi məsələlərin həlli ilə bağlı mövcud qanunvericiliyi vətəndaşlara izah etdi, digər məsələlərin həlli istiqamətində qanunvericilik çərçivəsində lazımi addımların atılacağı və aidiyyatı qurumlara müraciət ediləcəyi vətəndaşların nəzərinə çatdırıldı.
Görüş və qəbulda Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi Kənan Qarayev iştirak etmişdir.






