Tramp Zelenski ilə Putin arasında mümkün görüşdən danışb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı və təkbətək danışıqlar təklif etdiyi açıq məktuba münasibət bildirib.
Ağ Evdə jurnalistlərin suallarını cavablandıran dövlət başçısı liderlərin birbaşa görüşünə etiraz etmədiyini vurğulayıb.
Jurnalistin “Cənab prezident, Ukrayna ilə bağlı: indi Zelenski təkbətək görüş təklif etdiyi bir vaxtda, siz hələ də ABŞ onunla danışıqlara başlamazdan əvvəl vəziyyəti özləri həll etmələrində israr edirsinizmi?” sualına Tramp belə cavab verib:
“Mən buna qarşı deyiləm. Yəni qoy özləri həll etsinlər. Axı onu bu mövqeyə gətirən məhz mən olmuşam. Və düşünürəm ki, bu məsələ həll olunacaq. Hesab edirəm ki, biz Rusiyanın bu addımı atdığı məqama yaxınlaşırıq. Bu, heç vaxt baş verməməli olan bir müharibədir. Mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Lakin mən vəziyyətin düzələcəyinə inanıram. Bəli, cənab dövlət katibi”.
Tramp həmçinin qeyd edib ki, münaqişənin sona çatması üçün hər iki tərəf müəyyən güzəştlərə getməlidir.
O, bu prosesdə ABŞ-nin və şəxsən özünün böyük rolu olduğunu iddia edərək tərəfləri qırğına son qoymağa çağırıb.
Xatırladaq ki, bir qədər əvvəl rəsmi Kiyev müharibənin başa çatdırılması üçün iki ölkə liderinin birbaşa və üçüncü tərəfsiz görüşünü təklif edən müraciət yayımlamışdı.
Xuraman Etibarlı
İnterpress.az






