Moskva ətrafında idman meydançası davasında qəzəblənən ata 19 yaşlı gəncin sinəsinə atəş açıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskva vilayətinin Ramenskoye şəhərində idman meydançasını bölüşə bilməyən yeniyetmələr arasında baş verən mübahisə qanlı cinayətlə nəticələnib.
Münaqişə bir qrup gəncin futbol, digər qrupun isə basketbol oynamaq istəməsi səbəbindən yaranıb. Qısa müddətdə davanı eşidən yeniyetmələrdən birinin atası hadisə yerinə əlində travmatik tapança ilə gəlib.
Yaranan qarşıdurma zamanı kişi silahdan atəş açaraq 19 yaşlı Artyomun sinə nahiyəsini ağır yaralayıb.
Güllə bədəndə qalıb və kəskin qanaxma başlayan gənc təcili olaraq xəstəxanaya yerləşdirilib. O, ard-arda iki ağır cərrahiyyə əməliyyatı keçirib.
Atəş açan ata dərhal asayiş keşikçiləri tərəfindən saxlanılıb. O, üzləşmə zamanı zərərçəkmiş gəncin yaxınlarından üzr istəməyə çalışsa da, bu, onu məsuliyyətdən xilas etməyib.
Faktla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə təcavüzkar barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda yaralının xəstəxanada müalicəsi davam edir, həkimlər onun vəziyyətini stabil-ağır qiymətləndirirlər.
Xuraman Etibarlı
İnterpress.az






