ABŞ-də 2276-cı ilə “iPhone 17 Pro Max” və Konqres məktublarının yer aldığı zaman kapsulu göndərilir.
İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
ABŞ-də ölkənin müstəqilliyinin 250 illik yubileyi münasibətilə gələcək nəsillərə – 2276-cı ilə ötürülmək üçün xüsusi zaman kapsulu hazırlanıb.
ABŞ Konqresi tərəfindən rəsmən təsdiq edilən layihə çərçivəsində 400 kiloqramlıq kapsulun içərisinə ölkənin bütün 50 ştatından fərqli əşyalar, o cümlədən son model “iPhone 17 Pro Max” smartfonu və Konqres üzvlərinin xüsusi məktubları yerləşdirilib.
Xüsusi materialdan hazırlanan zaman kapsulu iyulun 4-də Filadelfiya şəhərində rəsmi şəkildə torpağa basdırılacaq və düz 250 il sonra – 2276-cı ildə açılacaq.
Təşkilatçılar bu addımın müasir texnoloji inkişaf səviyyəsini və tarixi dövrü gələcək nəsillərə nümayiş etdirmək üçün mühüm vasitə olduğunu bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






