Şimali Kiprdə Türk dünyasının birliyinə xidmət edən möhtəşəm QALA GECƏSİ – FOTOLARbackend

Şimali Kiprdə Türk dünyasının birliyinə xidmət edən möhtəşəm QALA GECƏSİ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kiprdə Türk dünyasının birliyinə xidmət edən möhtəşəm qala gecəsi keçirilib.

İnterpress.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən beynəlxalq tədbir çərçivəsində təşkil olunan möhtəşəm qala gecəsi iştirakçılarda xoş təəssüratlar yaradıb. Tədbir yüksək təşkilatçılığı, qonaqpərvərliyi və Türk dünyasının ortaq dəyərlərini ön plana çıxarması ilə yadda qalıb.

Millət vəkili Tənzilə Rüstəmxanlı qala gecəsində göstərilən səmimi münasibətə və yüksək qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib. O, xüsusilə Bahçeşehir Kıbrıs Universitetinin Mütəvəli Heyətinin üzvü, Osmanlar Vəqfinin İdarə Heyəti sədrinin müavini Mert Osmanların qala gecəsində Azərbaycanca şeir səsləndirməsini xalqımıza və mədəniyyətimizə göstərilən dərin ehtiramın nümunəsi kimi dəyərləndirib.

Deputat qeyd edib ki, Azərbaycan dilinə və ədəbiyyatına göstərilən bu diqqət Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan qardaşlıq münasibətlərinin ən gözəl ifadələrindən biridir.

Tənzilə Rüstəmxanlı, həmçinin tədbirin yüksək peşəkarlıqla və ən incə detallar nəzərə alınmaqla təşkil olunduğunu vurğulayaraq bildirib ki, belə beynəlxalq platformalar Türk dünyasının ortaq dəyərlərinin qorunmasına, dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Millət vəkili səfər çərçivəsində Türk dünyasının müxtəlif ölkələrindən olan dövlət və ictimai xadimlər, elm adamları və digər nüfuzlu şəxslərlə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, səmimi ünsiyyət, qarşılıqlı hörmət və Türk dünyasının gələcəyinə dair ortaq baxışlar yeni əməkdaşlıqlar üçün möhkəm zəmin formalaşdırır.

Deputat əminliyini ifadə edib ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə də yeni layihələr və qarşılıqlı təşəbbüslərlə daha da inkişaf edəcək.

Sonda Tənzilə Rüstəmxanlı Türk dünyasının müxtəlif ölkələrindən olan tanınmış simaları bir araya gətirdiyinə görə tədbirin təşkilatçısı Emete Gözügüzelə, eləcə də tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.