İrəvandakı Göy məsciddə Əli Xameneinin anım tədbiri keçirildi – VİDEObackend

İrəvandakı Göy məsciddə Əli Xameneinin anım tədbiri keçirildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda Əli Xameneyinin anım gecəsi keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İrəvandakı Göy məscidin nəzdindəki mədəniyyət mərkəzində Ayətullah Əli Xameneinin anım gecəsi təşkil olunub.

Tədbirdə çıxış edən İranın Ermənistandakı səfiri Xəlil Şirqorlami bildirib ki, Əli Xameneyi Ermənistanı hər zaman səmimi qonşu adlandırır və bu ölkəyə xüsusi hörmətlə yanaşırdı.

Səfir həmçinin qeyd edib ki, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətindəki mövcud siyasi xətt bundan sonra da davam etdiriləcək.

Anım gecəsində Əli Xameneiyə həsr olunmuş sənədli film də nümayiş etdirilib.

Ekran əsərinin müəllifləri vurğulayıblar ki, “İrandakı ermənilər qətlə yetirilmiş ölkə rəhbəri üçün sadəcə dini azlıq deyil, bütövlükdə İran xalqının, onun zəngin tarixi və mədəniyyətinin ayrılmaz bir hissəsi olublar”.

Xatırladaq ki, İrəvandakı Göy məscid – tarixi Azərbaycan abidəsidir.

İrəvandakı Göy məscidin nəzdindəki mədəniyyət mərkəzində müxtəlif tədbirlərin keçirilməsi qədim Azərbaycan torpağı olan İrəvan xanlığına məxsus bu möhtəşəm abidənin əsl mənşəyi barədə faktları yenidən gündəmə gətirib.

Tarixi mənbələr sübut edir ki, hazırda dünyaya “fars məscidi” kimi təqdim edilməyə çalışılan bu ibadətgah əslində qədim Azərbaycan-türk memarlıq irsinin ən mühüm nümunələrindən biridir.

Sözügedən tarixi abidə 1765-1766-cı illərdə qədim Azərbaycan torpağı olan İrəvanın xanı Hüseynəli xan Qacar tərəfindən inşa etdirilib və uzun illər bölgədə yaşayan azərbaycanlıların əsas ibadət və toplanma yeri olub.

Lakin sonrakı dövrlərdə, xüsusilə Ermənistan və İran tərəfindən həyata keçirilən restavrasiya işləri bəhanəsilə abidənin daxili və xarici memarlıq elementlərində qəsdən dəyişikliklər edilib.

Beləliklə, Göy məscid süni şəkildə farslaşdırılıb və Azərbaycanın tarixi izləri silinərək bura “fars mədəniyyət mərkəzi” kimi təqdim olunub.

Xuraman Etibarlı

İnterpress.az