Alimlər müəyyən ediblər ki, yay günəşi D vitamini çatışmazlığını bərpa etməyə kömək etmir.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nyukasl Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmaya görə, yay günəşi bədəndəki D vitamini çatışmazlığını tam bərpa etməyə kömək etmir.
Tədqiqatçılar 299 könüllünün qan analizlərini müntəzəm olaraq yoxlayaraq bu qənaətə gəliblər.
Məlum olub ki, 65 yaşdan yuxarı iştirakçıların 55%-dən çoxunda, tünd dərili insanların isə 72%-dən çoxunda D vitamininin səviyyəsi tövsiyə olunan normadan xeyli aşağı olub.
Ən maraqlısı isə odur ki, qış fəslindən yaz və yaya keçid bu göstəriciləri demək olar ki, dəyişməyib və D vitamininin səviyyəsi yay aylarında da bərpa olunmayıb.
Mütəxəssislər bunu iki əsas faktorla izah edirlər. Birincisi, yaşlandıqca insan dərisi ultrabənövşəyi şüaların təsiri altında D vitaminini daha çətin sintez edir.
İkincisi, dərinin rənginə cavabdeh olan melanin piqmenti ultrabənövşəyi (UVB) şüaları qismən bloklayır.
Bu səbəbdən tünd dərili şəxslərə eyni miqdarda D vitamini sintez etmək üçün günəş altında daha çox vaxt keçirmək tələb olunur.
Xuraman Etibarlı
İnterpress.аz






