Tayvanda hərbi təlimlər zamanı ilk dəfə mobil internet məhdudlaşdırılacaq.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tayvan hakimiyyəti adada mülki müdafiə üzrə illik təlimlər zamanı ilk dəfə olaraq mobil internetin sürətinin qəsdən aşağı salınacağını elan edib.
Avqust ayında keçirilməsi planlaşdırılan təlimlər çərçivəsində mobil internetin hər bir kəsilmə müddəti bir neçə gün ərzində maksimum 30 dəqiqə təşkil edəcək.
Məhdudiyyətlər ada əhalisinin təxminən 70%-nin məskunlaşdığı 14 böyük şəhəri əhatə edəcək.
Təhlükəsizlik xidmətinin rəsmisi keçirdiyi brifinqdə bildirib ki, bu qərar fövqəladə hallarda – təbii fəlakətlərdən tutmuş Çinin mümkün hərbi müdaxiləsinə qədər olan ssenarilərdə internetə çıxış olmadıqda vətəndaşların necə əlaqə saxlayacağını yoxlamaq məqsədi daşıyır.
Son illərdə sualtı rabitə kabellərində baş verən qırılmalar Tayvanın rabitə sistemlərinin qəzalara qarşı olduqca həssas olduğunu ortaya qoyub.
Bu səbəbdən kommunikasiyanın dayanıqlığının təmin edilməsi hazırda ada rəhbərliyi üçün böyük strateji problemə çevrilib.
Xuraman Etibarlı
İnterpress.аz






