Arktikada buz örtüyünün tarixdəki ən böyük kəsilməsi qeydə alınıb.
İnterpress.аz xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Alimlər Arktika dəniz buzlarının əriməsinin son illərdə müşahidə olunan müvəqqəti ləngimə mərhələsinin başa çatdığını elan ediblər.
Süni peyk məlumatlarının son təhlili göstərib ki, 2024–2025-ci illər ərzində qış buz örtüyünün sahəsi birdən-birə 5,8% azalıb. Bu, peyk müşahidələri tarixində indiyədək qeydə alınan ən böyük illik azalmadır.
Bir müddət əvvəl tədqiqatçılar okean cərəyanlarının təbii dalğalanmaları sayəsində qlobal istiləşmənin təsirlərinin qismən kompensasiya olunduğunu və buzların əriməsinin yavaşladığını güman edirdilər.
Lakin yeni elmi göstəricilər sübut edib ki, bu durğunluq sadəcə keçici xarakter daşıyıb və Arktika buzunun sürətlə yox olması ilə bağlı uzunmüddətli neqativ tendensiya davam edir.
Mütəxəssislər buz örtüyünün kəskin azalmasının qlobal iqlim üçün ağır fəsadlar törədəcəyi barədə xəbərdarlıq edirlər.
Dəniz buzu nisbətən isti okeanla soyuq atmosfer arasında təbii maneə rolunu oynayır.
Buzlar yox olduqca atmosferə daha çox istilik və rütubət daxil olur ki, bu da Arktikada istiləşməni kəskin sürətləndirir və dünyanın müxtəlif regionlarında anomal, ekstremal hava şəraitinin tez-tez təkrarlanmasına səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.аz






