Vyetnamda ağcaqanad dişləyən rusiyalı qadın təhlükəli “Denge” qızdırmasına yoluxub.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Vyetnamda turist gəzintisində olan Rusiya vətəndaşı ağcaqanad dişləməsi nəticəsində təhlükəli “Denge” qızdırmasına yoluxub.
Ryazan şəhər sakini olan gənc qadının ekskursiyadan iki gün sonra bədən temperaturu qəfildən 40 dərəcəyə yüksəlib və bütün bədənində kəskin ağrılar başlayıb.
Qızdırmasalan dərmanların təsir etmədiyi və vəziyyətinin kəskin pisləşdiyi turist qadın Rusiyaya qayıtdıqdan sonra dərhal həkim nəzarətinə götürülüb.
Həkimlər ona “Denge” qızdırması diaqnozu qoyaraq təxirəsalınmaz müalicəyə başlayıblar.
Bir həftəlik gərgin müalicə kursundan sonra rusiyalı qadın xəstəxanadan evə buraxılıb.
Hazırda onun həyatı üçün heç bir təhlükənin olmadığı və səhhətinin tam bərpa olunduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.аz






