Rumıniya diplomatı olmayan Liviya səfirliyinə görə 12 il əbəs yerə icarə haqqı ödəyib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rumıniya hökuməti 12 il ərzində rəsmən fəaliyyət göstərməyən Liviya səfirliyi və səfirin iqamətgahı üçün boş yerə icarə haqqı ödəyib.
Ölkənin Xarici İşlər Nazirliyinin (XİN) müvəqqəti rəhbəri Oana Tsoyu bildirib ki, təhlükəsizlik şəraiti kəskin pisləşdiyindən 2014-cü ildən bəri Liviyada heç bir rumın diplomatı fəaliyyət göstərməyib.
Səfir Tunisə köçürülsə də, icarə müqavilələri qüvvədə saxlanılıb. Bu müddət ərzində dövlət büdcəsindən 400 min dollardan (təxminən 680 min manat) çox vəsait əbəs yerə ödənilib və yalnız indi həmin müqavilələr rəsmi şəkildə ləğv edilib.
Nazir qeyd edib ki, diplomatlar təxliyə edildikdən sonra tezliklə qayıtmaq ümidi ilə bəzən icarə müqavilələri müvəqqəti saxlanılır, lakin 12 illik müddəti heç bir ağlabatan çərçivəyə sığışdırmaq olmaz.
Baş vermiş bu qalmaqallı hadisədən sonra Rumıniya XİN xaricdəki bütün daşınmaz əmlaklarının yoxlanılmasına başlayıb.
Ölkənin xaricdə ümumi dəyəri 4 milyard avrodan (təxminən 7,32 milyard manat) çox olan 200-dən artıq binası və torpaq sahəsi mövcuddur.
Qurum Vaşinqton və Brüsseldəki öz mülklərini təmir etməklə icarə haqlarına ildə 5 milyon avrodan (təxminən 9,15 milyon manat) çox qənaət etməyi planlaşdırır.
Xuraman Etibarlı
İnterpress.аz






