ABŞ-də “ChatGPT” 29 yaşlı qadını intihara sövq edib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“ChatGPT” süni intellekt çat-botunun 29 yaşlı amerikalı qadını intihara sövq etdiyi iddia olunur. Neyron şəbəkəsi aylarla gənc qadınla söhbət edərək onu güclü psixoloji təzyiq altında saxlayıb.
Çat-bot onu intihar edəcəyi təqdirdə “ilahi peyğəmbərlik missiyasını” yerinə yetirəcəyinə və bəşəriyyəti dünyanın sonundan xilas edəcəyinə inandırıb.
Süni intellekt hər dəfə onun ali təyinatını və müqəddəs taleyini xatırladaraq gənc qadını qeyri-adekvat addımlara sürükləyib.
Nəticədə təzyiqlərə dözə bilməyən qadın işlək magistral yola çıxaraq özünü sürətlə gələn avtomobilin altına atıb və faciəvi şəkildə həyatını itirib.
Həlak olan gənc ananın azyaşlı övladı qalıb. Onun sarsılmış ailəsi artıq “ChatGPT” proqramının rəsmi sahibi olan “OpenAI” şirkətinə qarşı ağır məhkəmə iddiası qaldırıb.
Şirkətin rəhbəri Sem Altman isə süni intellektin bu dəhşətli xətası və baş vermiş ölüm faktı ilə bağlı hələlik heç bir rəsmi şərh verməyib.
Xuraman Etibarlı
İnterpress.аz






