Qurumun mətbuat xidmətindən daxil olan məlumata görə, İyunun 21-də Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsində yeni doğulmuş üçəmlərdən ikisinin vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 20-də saat 19-da rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə qəbul edilib və saat 21 radələrində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulmuş körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilib. Gecə saatlarında naməlum səbəblərdən körpələrdən ikisi vəfat edib və təxminən həmin radələrdə xəstəxananın işıqları sönüb.
Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.
Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır.
Eyni zamanda cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyinə) hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov iki körpənin ölümü ilə bağlı məsələyə münasibət bildirərkən işığın ölüm hadisəsindən 1 saat sonra söndüyünü bildirmişdi.
İnterpress.az