Kanada İranla əlaqələrdə şübhəli bilinən şəxsə milyonlarla dollar ÖDƏDİ – FOTObackend

Kanada İranla əlaqələrdə şübhəli bilinən şəxsə milyonlarla dollar ÖDƏDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada sanksiya altında olan keçmiş İran vitse-prezidentinin oğluna milyonlarla dollar ödəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Global News araşdırılmış sənədlərə istinadən məlumat yayıb.

Kanadanın dövlət qurumlarının İrandan keçmiş vitse-prezidentin oğlu Məhəmməd Rza Qafuri Fərdlə milyonlarla dollarlıq müqavilələr bağladığı bildirilir.

Bu, Kanada Təhlükəsizlik Kəşfiyyat Xidmətinin (CSIS) onun İranın hərbi sənayesi və İslam İnqilabı Keşikçiləri Korpusu ilə mümkün əlaqələrini araşdırdığı dövrə təsadüf edib.

Məlumata görə, Kanadaya köçdükdən sonra Sal Qafuri adından istifadə edən şəxs yaratdığı Melanite Group və Radian Group şirkətləri vasitəsilə federal və əyalət səviyyəsində dövlət müqavilələrindən 2 milyon dollardan (təxminən 3,4 milyon manat) çox vəsait əldə edib.

Şirkətlərin müştəriləri arasında Kanada Müdafiə Nazirliyi və Kral Kanada Atlı Polisi də olub.

CSIS-in hesabatına əsasən, Qafuri Kanadaya köçməzdən əvvəl İranın hərbi layihələrlə əlaqəli Rabi Kosar şirkətində mühəndis kimi çalışıb.

Kəşfiyyat xidməti onun hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin hazırlanmasında, həmçinin sanksiyalardan yayınaraq İranın hərbi proqramları üçün komponentlərin alınmasında iştirak etdiyini iddia edir.

Buna baxmayaraq, onun şirkətləri təhlükəsizlik yoxlaması başa çatdıqdan sonra da dövlət vəsaiti almaqda davam edib.

2024-cü ildə şirkətlərdən biri qrant, daha sonra isə Kanada Silahlı Qüvvələrindən müqavilə əldə edib.

2026-cı ilin mayında Kanada miqrasiya orqanları Qafuriyə vətəndaşlıq verilməsinin rədd edilməsi prosedurunun başladığını bildirərək onu “Kanadanın təhlükəsizliyinə təhdid” adlandırıb.

Qafuri isə ona qarşı irəli sürülən ittihamları rədd edir.

Qeyd edək ki, Məhəmməd Rza Qafurinin atası Həsən Qafuri Fərd mühafizəkar iranlı siyasətçi, keçmiş vitse-prezident və enerji naziri olub.

O, Rəfsəncaninin prezidentliyi dövründə vitse-prezident vəzifəsində çalışıb, həmçinin parlament deputatı olub. Həsən Qafuri Fərd 2023-cü ildə vəfat edib.

Xuraman Etibarlı

İnterpress.az