Azərbaycan vətəndaşları Nahif Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən də barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib.
Hər iki şəxs Rusiyada saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətiriliblər.






