Buryatiyada turistlər ayılardan qorunmaq üçün saatda 2 min rubl ödəməli olacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Buryatiyada yerləşən Zabaykal Milli Parkında ayıların çoxalması səbəbindən turistlərin ərazidə müstəqil gəzintilərinə qadağa qoyulub.
Bundan sonra milli parka yalnız inspektorun müşayiəti ilə təşkil olunan ekskursiya qrupları buraxılacaq.
Yeni qaydalara əsasən, turistlər ayılardan qorunmaq üçün saatda 2 min rubl (təxminən 44 manat) əlavə ödəniş etməli olacaqlar.
Əvvəllər Baykal nerpasının məskəninə aparan marşrut üçün yerli turist qruplarından saatda 2,5 min rubl (təxminən 55 manat) alınırdısa, indi bu məbləğ 4,5 min rubla (təxminən 99 manat) yüksəlib.
Xarici turistlər üçün isə qiymət 7 min rubl (təxminən 154 manat) olacaq.
Ayılardan qoruyan inspektorlar ərazidə vəziyyəti qiymətləndirir, heyvanların izlərini müəyyənləşdirir və təhlükə yarandıqda siqnal raketlərindən və səs patronlarından istifadə edirlər. Ayının turistlərə yaxınlaşması və real təhlükə yaratması halında xidməti silahdan istifadə edilə bilər.
Məlumata görə, Buryatiyada ayıların insanlarla qarşılaşması barədə hazırda sutka ərzində 15-20 hadisə qeydə alınır.
Oktyabrın əvvəlinə qədər bölgədə 356 ayının vurularaq öldürüldüyü bildirilir. Müqayisə üçün, ötən il ərzində bu rəqəm cəmi 39 olub.
Sentyabr ayında Zabaykal Milli Parkında marşrutlar artıq rəsmi şəkildə bağlanmasına baxmayaraq, 61 yaşlı kişi təkbaşına cığırla əraziyə daxil olub.
Üç gün sonra xilasedicilər onun meşə yırtıcısının hücumuna məruz qaldığını göstərən izlərlə birlikdə meyitini aşkar ediblər.
Xuraman Etibarlı
İnterpress.az






