Tənzilə Rüstəmxanlı Türkmənistanda Beynəlxalq Qadınlar Dialoqunda çıxış edib – FOTObackend

Tənzilə Rüstəmxanlı Türkmənistanda Beynəlxalq Qadınlar Dialoqunda çıxış edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanın Avaza şəhərində “Sülhün qorunmasında və davamlı inkişafa nail olunmasında qadınların rolu” mövzusunda Beynəlxalq Qadınlar Dialoqu keçirilir.

İnterpress.az xəbər verir ki, deputat Tənzilə Rüstəmxanlı Türkmənistanın Avaza şəhərində keçirilən Beynəlxalq Qadınlar Dialoqunda iştirak edir.

Beynəlxalq Qadınlar Dialoqunda çıxış üçün Tənzilə Rüstəmxanlıya söz verilib.

Tənzilə Rüstəmxanlı çıxışında Azərbaycan və Türkmənistan xalqlarını birləşdirən tarixi, mədəni və mənəvi bağlardan, iki ölkə arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərindən danışıb.

Deputat dünyanın bu gün sülhə hər zamankından daha çox ehtiyac duyduğunu vurğulayıb. O bildirib ki, müharibənin ağrı-acısını yaşamış bir qadın kimi onun üçün sülh yalnız siyasi anlayış deyil, insan həyatının, ailənin, təhlükəsizliyin və gələcəyə ümidin qorunması deməkdir.

Tənzilə Rüstəmxanlı qadınların yalnız müharibələrin nəticələrini yaşayan tərəf olmadığını, eyni zamanda cəmiyyətləri yenidən ayağa qaldıran, yaraları sağaldan və sülh quran böyük qüvvə olduğunu qeyd edib.

Deputat qadınların səsinin qərarların qəbulunda, dialoqda, diplomatiyada və sülh quruculuğunda daha güclü eşidilməsinin vacibliyini diqqətə çatdırıb.

O, Azərbaycan və Türkmənistan qadınları arasında əməkdaşlığın genişləndirilməsinin, ortaq təşəbbüs və layihələrin həyata keçirilməsinin xalqların dostluğuna və regionda sülh və həmrəylik mühitinin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

“Qadın sülh haqqında yalnız danışan deyil, sülhü quran tərəf olmalıdır”, – deyə Tənzilə Rüstəmxanlı vurğulayıb.

Deputat tədbirin təşkilinə və göstərilən səmimi qonaqpərvərliyə görə Türkmənistan tərəfinə təşəkkürünü bildirib.