Türkiyəli jurnalist Murat Ağırel Sarıgül ailəsi ilə bağlı istintaq çərçivəsində həbs edilib
İnterpress.az xəbər verir ki, bu barədə “Euronews” və “Deutsche Welle” nəşrləri məlumat yayıb.
Türkiyəli jurnalist Murat Ağırel İstanbulda aparılan, qanunsuz yollarla əldə edilmiş əmlakın yuyulması iddiaları ilə bağlı istintaq çərçivəsində həbs edilib.
Oktyabrın 16-da saxlanılan jurnalist oktyabrın 19-da məhkəmənin qərarı ilə həbsə göndərilib.
İş üzrə saxlanılan 17 şübhəlidən 15-i, o cümlədən Ağırel, Ömer Sarıgül və Aylin Kotil barəsində həbs qərarı verilib, iki nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
İstintaq Almaniya vətəndaşı olan iki şəxsin Türkiyə daxilində və xaricində yaradılmış şirkətlər vasitəsilə mənbəyi məlum olmayan böyük məbləğdə vəsaitlərin yuyulması ilə bağlı iddialarına əsaslanır.
Ağırel bundan əvvəl başqa bir işlə əlaqədar ev dustaqlığında olub. Həmin işdə ona və jurnalist İsmail Saymaza “ictimaiyyəti yanıldan məlumatların yayılması” ittihamı irəli sürülmüşdü.
Yeni istintaq isə ayrıca iş üzrə aparılır. Hələlik Ağırelin təqsiri məhkəmənin yekun hökmü ilə təsdiqlənməyib.
Xuraman Etibarlı
İnterpress.az






