Kanalizasiya tıxacı nəhəng dələduzluq şəbəkəsini ƏLƏ VERDİbackend

Kanalizasiya tıxacı nəhəng dələduzluq şəbəkəsini ƏLƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada telefon dələduzluğu şəbəkəsinin 20 yaşlı rusiyalı rəhbəri saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Cənubi Koreyanın Pusan şəhərində ölkənin ən böyük telefon dələduzluğu şəbəkələrindən birini təşkil etməkdə şübhəli bilinən 20 yaşlı Rusiya vətəndaşı saxlanılıb.

Onunla birlikdə cinayətkar qruplaşmanın daha 100-ə yaxın üzvünün də tutulduğu bildirilir.

İstintaqın məlumatına görə, şəbəkə fəaliyyət göstərdiyi müddətdə zərərçəkənlərdən təxminən 1,5 milyard von (1,1 milyon dollar) mənimsəyib. Bu məbləğ istintaqın sübut edə bildiyi zərəri əhatə edir.

Qruplaşmanın üzvləri arasında əsasən rusdilli miqrantlar və çatlar vasitəsilə cəlb edilən tələbələr olub.

Şəbəkənin işə qəbul edənlər, telefon operatorları və kuryerlərdən ibarət strukturu, eləcə də Çin cinayət aləmi ilə əlaqələri olduğu iddia edilir.

Məlumata əsasən, dələduzlar Cənubi Koreyaya kütləvi SMS göndərmək və saxta zənglər etmək üçün istifadə olunan xüsusi SIM-kart qurğuları gətiriblər.

Gömrükdə bu cihazlar sərt disklər və ya məişət texnikası adı altında təqdim edilib. Yerli sakinlərdən alınan SIM-kartlar isə onların adına rəsmiləşdirilib.

Polis kartları öz adına qeydiyyatdan keçirən 84 Cənubi Koreya vətəndaşını da saxlayıb.

Cinayətkar şəbəkənin ifşasına isə kanalizasiya borusunun tutulması səbəb olub. İddialara görə, dələduzlar polis tərəfindən müəyyən edilmiş SIM-kartları doğrayaraq unitazdan axıdırdılar.

Plastik qırıntılar boruda tıxac yaradıb. Kommunal xidmət əməkdaşları borunu təmizləyərkən çoxsaylı kart qalıqları aşkarlanıb və polis araşdırma nəticəsində şəbəkənin izinə düşüb.

Xuraman Etibarlı

İnterpress.az