Milli Məclisin deputatı, professor Fəzail İbrahimli uzun illər Masallı Rayon Təhsil Şöbəsinə rəhbərlik etmiş, rayonun tanınmış ağsaqqal ziyalılarından olan Ədalət Əlövsət oğlu Nemətovu səhhətində yaranmış problemlərlə əlaqədar ziyarət edib.
Ziyarət zamanı millət vəkili Ədalət Nemətovun səhhəti, müalicə prosesi və hazırkı vəziyyəti ilə yaxından maraqlanıb, ona mənəvi dəstəyini ifadə edib.
Səmimi və mehriban şəraitdə keçən görüşdə Ədalət Nemətovun uzunillik pedaqoji və rəhbərlik fəaliyyəti, Masallı rayonunda təhsilin inkişafı istiqamətində göstərdiyi xidmətlər, gənc nəslin təlim-tərbiyəsində oynadığı mühüm rol barədə söhbət aparılıb.
Professor Fəzail İbrahimli Ədalət Nemətovun Masallının təhsil həyatında özünəməxsus yeri olduğunu vurğulayaraq, onun uzun illər ərzində göstərdiyi fədakar fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələri və ziyalı kimi qazandığı hörməti yüksək qiymətləndirib.
Millət vəkili qeyd edib ki, ömrünü gənc nəslin təlim-tərbiyəsinə, maarifçiliyə və təhsilin inkişafına həsr etmiş insanların zəhməti hər zaman yüksək dəyərləndirilməli, onlara diqqət və qayğı göstərilməsi mənəvi borc kimi qəbul olunmalıdır.
Görüş zamanı Fəzail İbrahimli ağsaqqal ziyalının mövcud ehtiyacları ilə də maraqlanıb, ona diqqət və qayğısını bildirib.
Qeyd edək ki, Ədalət Nemətov uzun illər Masallı Rayon Təhsil Şöbəsinə rəhbərlik edib, rayonun təhsil sisteminin inkişafında, pedaqoji kadrların yetişməsində və gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda formalaşmasında mühüm xidmətlər göstərib. Onun çoxillik fəaliyyəti Masallının təhsil tarixində dərin iz qoyub.
Ziyarətin sonunda millət vəkili Fəzail İbrahimli Ədalət Nemətova möhkəm cansağlığı, tezliklə şəfa tapmasını, ruh yüksəkliyi və uzun ömür arzulayıb. Professor onun zəngin həyat yolunun, pedaqoji fəaliyyətinin və təhsil sahəsindəki xidmətlərinin daim hörmət və ehtiramla xatırlandığını vurğulayıb.






