Onun sözlərinə görə, indiyə qədər sünni və şiə təriqətlərinin nümayəndələri başqa dövlətlərin təsiri nəticəsində bayramları fərqli günlərdə qeyd edirdilər: \”Amma biz bu gün bərabərik. Bu gün biz bir yerdə namaz qıldıq. Bu, bir daha göstərir ki, Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur”.
Lakin İçərişəhərdəki Aşurbəy məscidinin (“Ləzgi” məscidi kimi tanınır) axundu Faiq Mustafa “Azadlıq” radiosuna müsahibəsində Allahşükür Paşazadənin Azərbaycanda məzhəb ayrı-seçkiliyinin olmadığı barədə bəyanatını təkzib edib. Üstəlik onu “Qurana yox, İrana istinad etməkdə” günahlandırıb.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi “Ləzgi” məscidində radikal dini ideyaların təbliğ edildiyini, orada ibadət edənlər arasında təbliğat aparılaraq Suriyaya döyüşməyə göndərildiyini bildirir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli 2014-cü ildə mətbuata açıqlamasında deyib ki, bu məscid təhlükə mənbəyinə çevrilib. Onun sözlərinə görə, QMİ-yə müraciət edən valideynlər bildirirlər ki, övladları həmin məsciddə namaz qılmağa getdikdən sonra işindən, ailəsindən uzaqlaşaraq naməlum şəxslərin təsiri altına düşür, başqa ölkələrə, xüsusilə Suriyaya getməyə meyllənirlər.
“Artıq bir çoxu Suriyaya gedib. Həmin məscid təhlükə mənbəyinə çevrilib. Valideynlərin bəziləri mənə deyirlər ki, məcbur olub “Aşur” məscidində namaz qılan övladlarının pasportlarını gizlədiblər ki, ölkədən qaçmasınlar. Məndə bununla bağlı həmin gənclərin analarının məktubları var. Şikayətçilərə söyləmişəm ki, bütün faktları yazılı şəkildə mənə təqdim etsinlər, mən də lazım olan yerlərə çatdırım”-QMİ nümayəndəsi deyib.
İndi həmin məscidin axundu QMİ rəhbərliyini “dindən, peyğəmbərdən və Qurandan yayınmaqda” günahlandırır. Faiq Mustafanın müsahibəsini bəzi ixtisarlarla təqdim edirik:
– Sünni və şiələrin eyni vaxtda bayram namazı qılması problemlərin aradan qalxmasına doğru bir addım sayıla bilərmi?
-Allahşükür Paşazadə öz işində peyğəmbərin kəlamlarına, “Quran”a istinad etsə, heç bir problem yaranmaz. “Qurani-Kərim”də açıqca yazılıb ki, “Ay çıxanda orucunuzu tutun, o biri ayda Ay yenidən çıxanda orucunuzu dayandırın”. Bütün müsəlmanlar “Quran”da yazılana əməl etsələr, heç bir problem olmaz, nə şiələr, nə də sünnilər tərəfdən. Allahşükür Paşazadə bu neçə ildə həmişə İrana istinad edib. Ona görə də belə problemlər yaşanıb. Bu ili yox, əvvəlki illəri deyirəm, haçan İran oruc tutmağa başlayıb, Azərbaycanda da onu təkrar ediblər, bir ay qabaqdan da bir gün təyin edirdilər ki, filan gün Ramazan bayramıdır. Bir ay qabaqdan gün təyin etmək düz deyil. Hər şeyi idarə edən var, Ayın batıb-çıxmağı da ondan asılıdr. Bu il bayramın üst-üstə düşməsi təsadüfdür. Üst-üstə düşməsəydi, onun istədiyi kimi də olmayacaqdı.
– Allahşükür Paşazadə Azərbaycanda məzhəb ayrı-seçkiliyi olmadığını bildirib. Amma…
– Necə olmaya bilər? Şiəliklə sünnilik necə olmaya bilər? Tamam başqa şeylərdir bunlar. Burda əqidə söhbəti var, şiələrdə əqidə başqadır, sünnilərdə başqa, əlhəmdüllah. Necə eyni ola bilər? Düzələn iş olsaydı, elə 1400 il əvvəl peyğəmbərdən sonra düzələrdi. Bu o qədər ciddi problemdir ki, bugünə kimi gəlib. Biz kimik ki, Qafqaz Müsəlmanları İdarəsi kimdir ki, bu problemi həll etsin? Bu problem qiyamətə kimi də davam edəcək. Kiminsə “yoxdur” deməsi ilə deyil ki…
– QMİ sədri isə bu problemlərin “başqa dövlətlərin təsiri” nəticəsində yarandığını deyir.
– Hər şey “Quran”da yazılıb, ona istinad edilsə, məzhəblər arasında heç bir problem olmaz. Kiminsə xoşuna gəlmirsə, “Quran”dan nəyisə atmaq olmaz.
– Yəni siz “başqa dövlətlərin təsiri” barədə deyilən iddiaları rədd edirsiz?
– Allah bizə bir din göndərib, töhid dinidir. Elə yəhudilərin də, xristianların dini də, bizim din də. Tək Allahdan başqa məbud yoxdur, qeyrisinə ibadət yoxdur. Başqa köməkçi yoxdur.
– Azərbaycan hökuməti hər zaman ölkədə dini tolerantlığın mövcudluğundan danışır, burdakı dini dözümlülüyün başqa ölkələrə nümunə olacağını bildirir. Bəs sizcə, durum necədir? Konkret olaraq, Azərbaycanda sünnilərə təzyiq varmı?
– Əlbəttə, var. Görün nə qədər sünnini təxribat nəticəsində tutub “türmə”lərə basıblar. Bizim məscidə gələn neçə nəfəri tutublar. Rayonlardan ildə iki-üç dəfə bura ibadətə gələn gənclər var, xəbər almışam, neçəsini tutublar. Bizim məscidin imamı tutulmuşdu, bu il buraxıldı. Hər tərəfdən təzyiq var, Dini Komitədən tutmuş, MTN-ə, Daxili İşlər Nazirliyinə kimi, hamısı təzyiq göstərir. Sünnilərin evinə silah atıb heç nəyin üstündə tuturlar. Halbuki yeməyə pulu yoxdu, silahı hardan alacaq? Gülməli şeylər olur.
– Sizcə, hökumət niyə təzyiq göstərir?
– Bizim əqidəmiz düz olduğuna görə camaat bizə üz tutur. Sayın artdığını görəndə də başlayırlar məscidləri, icmaları bağlamağa. Süni halda bağlayırlar. Çalışırlar standart yaratsınlar. Allahın diniylə oyun oynamaq, standart yaratmaq olmaz. Allahın göndərdiyi, peyğəmbərin öyrətdiyi yol ilə getmək lazımdır. Hansısa Dini Komitədə, ya da QMİ-də oturanların özlərindən fikirləşib tapdıqları yol ilə yox. Bu, düzgün yol deyil, bunun sonu yoxdur.
– Sünnilərin toplaşdığı “Əbu-bəkr” məscidindəki partlayışdan sonra oranın qapısı bağlı qalıb. Sizcə, bunun səbəbi nədir?
– Əlbəttə, bu da sünnilərə təzyiqdir. Təzyiq deyil, bəs nədir? Düzünü Allah bilir, mən o işin içində deyiləm. Amma mənə elə gəlir ki, o məscidin bağlamaq məqsədini güdənlər bunu ediblər. İstədiklərinə də çatıblar, inşallah.
– Bəzi məscidlərin, xüsusən də sünnilərin toplaşdığı məscidlərin vəhhabilərə, sələfilərə, siyasi və ya terrorçu qruplaşmalara bağlıolması haqda həm mətbuatda, həm də toplumda həmişə söz-söhbət gəzir. Hiss olunur ki, adi vətəndaşlar da, hakimiyyət də bəzən ora şübhəylə yanaşır. Bəlkə bu məscidlərə təzyiqlər həmin şübhələrdən qaynaqlanır?
– Sünnilər üzərində istədikləri auranı artıq yaradıblar. Sünnilərə nə adlar qoymayıblar? “Vəhhabi” də qoyublar, “terrorçu” da. “Vəhhabi” də Allahın adıdır, “bəxşedən” deməkdir. Bu ada pis don geyindirirlər. Belə olmaz. Kimsə pis nəsə edibsə, bunu müsəlmanın və ya sünnilərin hamısına şamil etmək olmaz.
– Azərbaycandan nə qədər insan İŞİD-ə qoşularaq Suriyada döyüşüb. Bəzilərinin məhkəməsi artıq başa çatıb, hökm verilib. Sizcə, adamları bu ekstremist qruplaşmaya cəlb edən nədir?
– Kimsə gedirsə… Mənə qəribə gəlir ey, internetə baxın, sünnilərdən gedənlərlə, şiələrdən gedənlərin sayını yoxlayın. Şiələr qat-qat çox gedir ora. Hamı Suriyada vəhhabilərə, ya başqalarına qarşı müharibə aparır, o cümlədən də ermənilərlə şiələr. Necə olur, Qarabağda ermənilərlə savaşırıq, amma Suriyada şiələr ermənilərlə bir olurlar?
– Yeri gəlmişkən, İŞİD haqda nə düşünürsüz?
– İŞİD hərəkatdır, Bəşər Əsədin Suriyada yaşayan müsəlmanlara, sünnilərə qarşı haqsızlığının nəticəsidir. Bu nəticədir. O ələvidir, buölkədə də cəmi 12 faiz ələvi var. Necə olur ki, 12 faiz çoxluğa rəhbərlik edir?
– O zaman siz günahsız insanları öldürən İŞİD-ə haqq qazandırırsız?
– Yox, haqq qazandırmıram. Amma vaxtilə Fransada müsəlmanların başını kəsib sonra da şəklini marka kimi istifadə etmişdilər. Niyə bu haqda danışılmır? Mən deyirəm ki, Suriyada baş verənlər, sadəcə, nəticədir.