Qazaxıstanda fastfud yedikdən sonra 15 yaşlı rusiyalı qızda ağır allergik reaksiya yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qazaxıstanın paytaxtı Astanada turist kimi anası ilə səfərdə olan 15 yaşlı Rusiya vətəndaşı fastfud restoranında burger və kartof-fri yedikdən sonra ağır allergik reaksiya ilə xəstəxanaya yerləşdirilib.
Yeniyetmənin artıq dörd gündür xəstəxanada müalicə aldığı bildirilir.
Hadisə “Mega” ticarət mərkəzində yerləşən “Bahandi” restoranında nahardan sonra baş verib. Bir neçə saat keçdikdən sonra qızda allergik əlamətlər yaranıb.
Antihistamin preparatlar kömək etmədiyindən anası təcili tibbi yardım çağırıb.
Məlumata görə, tibbi müayinələr zamanı qanda neytrofillərin səviyyəsinin 85 faizə yüksəldiyi, limfositlərin göstəricisinin isə 14 faizə düşdüyü bildirilib. Lakin bu göstəricilər təkbaşına allergik reaksiyanın səbəbini müəyyən etməyə imkan vermir.
Qızın anası eyni restoranda yemək yeyən digər uşaqların da xəstəxanada olduğunu iddia edib.
Zərərçəkən uşaqların valideynləri isə restoranın ət kotletlərində konservantların və kimyəvi əlavələrin, xüsusilə sulfitlərin çox ola biləcəyini düşünürlər.
Bununla belə, allergik reaksiyanın məhz restoranda istifadə olunan məhsullardan qaynaqlandığı və qidada sulfitlərin normadan artıq olduğu barədə rəsmi təsdiqlənmiş məlumat təqdim edilməyib.
Xuraman Etibarlı
İnterpress.az






