Məsələ burasındadır ki, qəsəbənin sıx məskunlaşmış fərdi evlər hissəsi – yeni salınan ərazidə minlərlə ev üçün cəmi bir yerdə zibil qutuları qoyulub.
Prezidentin Bilgəhdəki iqamətgahına gedən yolun solunda yerləşən Qaçaq Nəbi küçəsində zibil qutuları yaşayış evlərinin 2 metrliyindədir. Özü də böyük bir ərazi üçün cəmi 4 qutu qoyulub və onlar sutkada 1 dəfə boşaldılır.
Redaksiyamıza edilən müraciət əsasında ərazidə olarkən zibil qutuları dolub daşırdı, ətraf da zibillə doluydu. Orada olduğumuz 10 dəqiqə ərzində azı 4-5 maşın dayandı, dolmuş qutuların ətrafına zibil atıb getdi. Ətrafa yayılan dəhşətli üfunət qoxusundan qurtulmaq mümkün deyildi.
Qutulara ən yaxın evdə yaşayan evin sakinləri ilə söhbət etdik. Məlum oldu ki, evdə şəhid ailəsi yaşayır. Ərinin birinci Qarabağ müharibəsində şəhid olduğunu deyən Əhmədova Yeganə Bəhmən qızı hazırda oğlu, 2 nəvəsi və gəlini ilə həmin evdə yaşadığını bildirdi: “Bu qutular neçə illərdir bura qoyulub. Dəfələrlə xahiş etmişik ki, digər ərazilərdə yaşayış evlərindən kənarda boş yerlər var, qutuları ora qoyun. Sözümüzü eşidən yoxdur. Özlərinə əziyyət verib mərkəzi yoldan bir qədər kənara getmək istəmirlər. Amma bizə bu zülmü verirlər.”
Yeganə xalanın dediyinə görə, əvvəllər ərazidə məskunlaşma az olduğu üçün 4 qutu yetərli olub: “İndi burada yaşayanları sayı azı 10 dəfə artıb. Üstəlik, yay mövsümüdür, camaat bağ evlərinə köçüb. Biz burada zülüm çəkirik, zibil qutusu pəncərəmizdən 2 metr aralıdadır, milçək, siçan-siçovul, üfunət iyindən boğuluruq. Özümüz bir tərəfə, 5 illik müalicə-əziyyətdən sonra tapdığım 2 körpə nəvəm əziyyət çəkir. Onların bu dəqiqə həyət-bacada oynayan, qaçan vaxtıdır. Amma biz onları bu iyin, milçəyin əlindən həyətə buraxa bilmirik. Nə qədər uşaqları qapalı evdə, kondisioner havasında saxlamaq olar?”
Müsahibimiz deyir ki, qutuları gündə bir dəfə boşaldırlar, boşaldılandan cəmi 2-3 saat sonra yenidən dolub-daşır: “Camaatımızda da qabiliyyət çatışmır, bala.
Bir həftə əvvəl gətirib ölmüş buzovu atmışdılar qutunun yanına, gecənin yarısı bəlkə 15-20 it yığışmışdı, buzovun leşini didib dağıtdılar hər yerə. Zibil maşını günortaya yaxın gəlir deyə, məcbur olub leşin qalıqlarını özümüz yığıb, yolu yuduq ki, üfunət iyi getsin. ”
Y.Əhmədova onu da bildirdi ki, bir həftə əvvəl sakinlər yığışıb ərizə ilə Xəzər rayon İcra hakimiyyətinə müraciət ediblər: “Hələ müraciətimizə cavab veriməyib, gözləməyə səbrimiz də qalmayıb”.
Onu da qeyd edək ki, ərazidə həqiqətən də yaşayış evlərindən kənarda boş yerlər kifayət qədərdir.
Böyük bir yaşayış məskənində cəmi bir yerdə deyil, azı 4-5 yerdə imkan var ki, zibil qutuları qoyulsun. Ümid edirik ki, Xəzər rayon icra hakimiyyəti ərazidə yaşayan insanların, körpələrin sağlamlığına ciddi təhlükə yaradan bu vəziyyəti aradan qaldırmaq üçün real addımlar atacaq.(afn)
İnterpress.az