Bakı – İyulun 31-dən etibarən \”Azərbaycan Hava Yolları\” (AZAL) və Rusiyanın \”Ural Hava Yolları\” aviaşirkəti Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birgə reysləri yerinə yetirməyə başlayacaq.
Bu barədə İnterpress.az-a \”Azərbaycan Hava Yolları\”dan məlumat verilib.
Birgə istismar haqqında sazişə (code-share agreement) əsasən, \”Ural Hava Yolları\”-nın bu hava xətti ilə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.
Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək.
\”Domodedovo\” (DME) Beynəlxalq Hava Limanından uçuş – Moskva vaxtı ilə səhər saat 11:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə – yerli vaxtla saat 15:15-də. Qəbələdən uçuş – saat 16:25-də, \”Domodedovo\” Hava Limanına enmə – yerli vaxtla saat 18:20-də.
Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu Airbus A320 laynerləri ilə həyata keçiriləcək.
Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.
İnterpress.az