Prezident Administrasiyasından transmilli mediaya İTTİHAMbackend

Prezident Administrasiyasından transmilli mediaya İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan milli mətbuatının 141-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, qlobal informasiya məkanına nəzarət meylləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və əfsus ki, müəyyən mənada buna nail olurlar.
PA rəsmisi qeyd edib ki, bu gün biz özlərini demokratiya nümunəsi kimi təqdim edən ölkələrdə ayrı-ayrı irqlərin, xalqların və dinlərin nümayəndələrinə qarşı dözümsüzlüyün geniş vüsət aldığını, multikultural dəyərlərdən, tolerantlıqdan geriyə dönüşü müşahidə edirik:

“Transmilli media isə ayrı-ayrı dairələrin maraq savaşına dəstək verir, müxtəlif ölkələrin daxili işlərinə müdaxilə, hakimiyyət çevrilişləri, vətəndaş qarşıdurmasını stimullaşdırır:

“Lakin fəxrlə deyə bilərik ki, əsrlərə tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bu mənfi meylləri inkar edir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan ayrı-ayrı xalqların, etnik qrupların, dinlərin qarşılıqlı dözümlülük deyil, qarşılıqlı ehtiram və hörmətin qorunduğu məkandır. Azərbaycan multikultural dəyərləri təşviq etməklə bütün dünyaya bir daha göstərir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar bir ölkədə, eyni torpaqda firavan, dostluq və qardaşlıq mühitində yaşaya bilərlər. Əlbəttə, burada Azərbaycan mediasının oynadığı rolu, cəmiyyətimizdə harmoniyanın güclənməsi üçün verdiyi töhfələri qeyd etməmək mümkün deyildir. Hesab edirəm ki, bu da Azərbaycan mediasının Azərbaycan Prezidentinin çağırışına cavabı, “Əkinçi” ənənələrinə sadiqliyinin təzahürüdür”.

Ə.Həsənov qeyd edib ki, bu gün qlobal informasiya məkanında Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur. Bu gün Azərbaycanı dünyaya bütün möhtəşəmliyi, müasirliyi, tolerant mühiti ilə təqdim edən jurnalistin imzası həm də Azərbaycan xalqının imzasıdır.

Hər bir jurnalist sözü vicdanla, öz xalqını, dövlətini düşünərək deməlidir, milli maraqlarımızı müdafiə etməyi bacarmalıdır, əsrlər boyu uğrunda mübarizə apardığımız və bu gün fəxrlə yaşadığımız Azərbaycan dövlətini təbliğ etməli və qorumalıdır: “ “Əkinçi” qəzeti və ondan sonrakı mətbuatımız, Həsən bəy Zərdabi və onun çoxsaylı ardıclıları bu amallarla yaşayıb və mənalı ömürlərini azərbaycançılıq və müstəqillik ideyasına, öz xalqının rifahına həsr ediblər.
Düşünürəm ki, Azərbaycan jurnalistikası daim bu yolla getməli və öz ənənəsinə, tarixinə sadiq qalmalıdır. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti də həmişə sizin yanınızda olacaq, sizin qayğılarınızı qarşılayacaqdır”.(trend)

İnterpress.az