Zərdabi müsəlmanlara vəhşi deyən qubernatoru təhqir etdibackend

Zərdabi müsəlmanlara vəhşi deyən qubernatoru təhqir etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həsən bəy Zərdabi bu qəzeti araya-ərsəyə gətirənə qədər xeyli çətinliklərlə üzləşmişdi. Böyük maarifçinin həyatında çətinliklərlə yanaşı, bir çox maraqlı əhvalatlarla da baş verib.

Fəhlə Zərdabini necə utandırdı?

Həsən bəy şəhərdə ehtiyacı olan şagirdlərə kömək etmək üçün Xeyriyyə Cəmiyyəti yaradır. Bütün gücünü cəmiyyətə daha çox üzv cəlb etməyə yönəldir. Çünki cəmiyyət o üzvlərin hesabına yaşamalı idi. Qızı Qəribsultan xanım yazır ki, atam bir qəbul otağından o birinə, bir təmtəraqlı salondan o biri zəngin salona, bir fərasətli işbazın yanından o biri harınlamış mesenatın qəbuluna gedirmiş. Bu iş Həsən bəyə ağır gəlsə də, onun qəlbini əzsə də, geri çəkilmirmiş. Uğursuz günlərin birində hər yerdən əli üzülən Həsən bəy əldən düşmüş halda Bakı küçələrində çarəsiz gəzirmiş. Rədd cavabları gah soyuq nəzakətlə, gah həyasızcasına, gah da istehzalı gülüşlə olurmuş. Bəziləri xahişə gələn ziyalını inandırmağa çalışırmış ki, onun xahişi tamam mənasızdır… Bəli, zavallı Həsən bəy “bu qızıl yuvalarından” çıxıb küləkli Bakı küçələrində “xeyirxahların” ona münasibətini düşünə-düşünə dolaşırmış.

Birdən…Həsən bəy kiminsə onun qoluna toxunduğunu hiss edir. Başını qaldıranda, qarşısında bir hambalın durduğunu görür. Hambalın 40-a yaxın yaşı olarmış. Günəşdən yanan üzü bürünc rəngdəymiş. Kürəyində palan, ayağında çarıq varmış. Hambal Həsən bəyə sevgi ilə baxırmış. Üzündə də utancaq, çəkingən bir təbəssüm varmış. – Eşitmişəm, bizim uşaqları oxutmaq üçün pul yığırsan. Mən bir az qazanmışam. Budur, götür. Bilirəm, azdı, amma ürəkdəndi. Həsən bəy təəccübdən donub qalır. Bir xeyli danışa bilmir. Nəhayət, hambalın əlini sıxıb deyir: – Çox sağ ol, dostum! Sən mənə o qədər pul verdin ki, onu mən həyatımda heç kimsədən almamışam. Çünki sən nəyin varsa, hamısını verdin!

Hənifə xanımla tanışlıq

1872-ci ildə Tiflisdə “Müqəddəs Nina” məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunmuşdu və məktəbi bitirən qızlar arasında Hənifə xanım Abayevanın da adı vardı. Çoxdan bəri ziyalı bir qadınla ailə qurmaq istəyən Həsən bəy Zərdabi siyahını görüncə təhsilli müsəlman qızı ilə tanış olmaq üçün dərhal Tiflisə yollanır. Həsən bəy Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu anlayır. Evlənmək qərarı hər iki gəncin ürəyincə olur. Həsən bəy Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşov sonralar bu izdivac barədə yazırdı: “Həsən bəyin həyatında bir vacib məsələ ona qarşı hücumları daha da gücləndirirdi: bu, onun evlənməsi idi. Tale gənc, təhsilli dağlı qız Hənifə xanım Abayevanı həyat yolunda onunla rastlaşdırdı… Bu izdivac müsəlmanlar arasında söz-söhbət doğurdu. Unutmaq lazım deyildir ki, Bakı o vaxt Zaqafqaziyanın müsəlman mərkəzləri içərisində ata-baba ənənələrinə daha çox sadiq idi. Amma bütün adətlərin əksinə olaraq Həsən bəy özü elçi düşdü. Məktəbə molla gətirdi və burada kəbin kəsildi. Beləliklə, gənc Hənifə xanım Məlikova-Zərdabi sevimli Balkar dağlarının qoynundan Xəzər dənizi sahillərinə gəldi. Burada onu tale yoldaşı ilə birgə iş və şöhrət gözləyirdi…”.

Qubernatora sərt cavab

Qubernator Həsən bəy Zərdabiyə: – Axı, sənin bu savadsız, xeyir-şərini qanmayan vəhşi camaatın arasında nə işin var? Yaxşı olmazmı ki, gedib Rusiyanın mərkəzi şəhərlərindən birində yaşayıb işləyəsən? Söz Zərdabiyə bərk toxunduğundan soruşur: – Mən necə adamam? Qubernator tərəddüd etmədən deyir: – Sən son dərəcə savadlı, dünyagörmüş, dərrakəli bir insansan. Həsən bəy acı-acı gülümsünüb cavab verir: – Mən də o vəhşi hesab elədiyin adamların arasından çıxmışam. Onlar da oxusalar, təhsil görsələr mənim kimi elmli, bilikli olacaqlar.

Maksim Qorki ilə görüş

Zərdabi qonaq qəbul etməyi çox sevərmiş. 1897-ci ildə şəhərdə 6 otaqdan ibarət mənzil tutub ailəsi ilə yaşayırmış. Bu otaqlar hər vaxt kənar adamlarla dolu olarmış. Qonaqlar və ya öz işi ilə bağlı Həsən bəyin yanına gələn kəndlilər orada yeyib yatarlarmış. Bundan əlavə, həmin mənzildə 10 kasıb oğlan uşağı yaşayırmış. Həsən bəyin xanımı Hənifə xanım onları məktəbə hazırlayırmış. Belə bir zamanda “Kaspi” qəzetində çalışan Həsən bəy kuryeri evə göndərib Hənifə xanıma bildirir ki, onun yanına- redaksiyaya Rusiyadan əziz qonaqlar gəlib, onları yüksək ehtiramla qarşılamaq lazımdır. Hənifə xanım bu xəbəri evdəkilərə də yetirir. Hazırlıqlar başlayır. Hamı əyninə təzə paltar geyinir. Axşam qonaqlar Həsən bəylə birlikdə evə təşrif buyurur. Hənifə xanım onları eyvanda qarşılayır. Ev sahibəsinin rus dilində mükəmməl bilməsi gələnləri heyran edir. Qonaqlar otururlar, yeyib-içirlər, gecədən xeyli keçənə qədər söhbətləşirlər. Gələnlərdən biri hətta yaxşı oxuyurmuş. Zərdabi qonaqlarla həmişəkindən çox içdi. Amma qonaqlar ölkədə Çar Rusiyası və müstəmləkə altına saldığı xalqlar fəhlələrin ağır, acınacaqlı vəziyyətindən danışanda ciddiləşirlər. Gecə Hənifə xanım qonaqlara yataq hazırlayır, ancaq onlar təşəkkür edib mehmanxanadakı nömrələrinə qayıdırlar. Uzun sürən qonaqlıqdan sonra Zərdabilər ailəsi yatır. Ancaq səhər yuxudan oyanan Həsən bəy evdəkilərə deyir ki, gələn qonaqların biri yazıçı Maksim Qorki, o birisi isə müğənni Fyodor Şalyapin idi… (moderator.az)

İnterpress.az