Bu yumurta orqanizmi radioaktiv şüalardan qoruyur-ARAŞDIRMAbackend

Bu yumurta orqanizmi radioaktiv şüalardan qoruyur-ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida dəyəri olduqca yüksək olan bu yumurtanın 1 ədədi 4 toyuq yumurtasını əvəz edir. Məhz faydalı xüsusiyyətləri səbəbindən son illər bildirçin yumurtasına tələbat çıxalıb.

Çox istehlak edin, amma çiy halda yox

Böyüklü-kiçikli hər kəsin öz qida rasionuna daxil etməsi vacib olan qidalardan olan bildirçin yumurtasının bişirilmə forması da çox vacibdir. Dövrümüzdə analar onu uşaqlara ya çiy formada içirməyə çalışır, ya da südə qarışdıraraq daha çox faydalı olduğunu düşünür. Amma əslində bildirçin yumurtasını yarı bişmiş qəbul etmək ən faydalısıdır. Bunun üçün onu bir qazana qoyub üzərinə çıxanadək su ilə doldurmaq və 50-60 saniyə vam odun üstündə saxlamaq lazımdır. Təbii şəraitdə yumurtlayan bildirçinin yumurtasını çiy halda istehlak etmək olar, amma yalnız sarısını belə qəbul etmək doğrudur. Yumurtanın ağ hissəsi mütləq bişirilməlidir.

Yumurtaya qarşı allergik reaksiyası olan insanlara bildirçin yumurtası zərərli ola bilər. Çünki qida dəyərinə görə toyuq yumurtasından daha güclü tərkibə malik olduğu üçün reaksiyası da bir o qədər tez baş verə bilir. Allergik problemləri olan insanlar həkimlə məsləhətləşmədən bildirçin yumurtası istehlak etməməlidir. Bəzən valideynlər bu yumurtanın kiçik olması baxımından daha az kalorili olduğunu düşünərək körpə uşaqlara bir gündə 3-4 bildirçin yumurtası yedirir. Bu qətiyyən yolverilməzdir.

Ümumiyyətlə, növündən asılı olmayaraq yumurtanın çiy qəbul edilməsi salmonella virusuna, quş qripinə səbəb ola bilər. Böyrəklərində problem olan insanlar bu yumurtanı istehlak etməzdən öncə həkimlə məsləhətləşməlidir. Əməliyyatdan sonra çox qan itirmiş, bədən immuniteti zəifləmiş insanlara bildirçin yumurtası əvəzsiz dərmandır. Orqanizmində zülal yetməzliyi olanlar üçün, cinsi zəifliyi olanlara, özünü yorğun və enerjisiz hiss edənlərə ən yaxşı dərman olan bildirçin yumurtası idmanla məşğul olanlar üçün də əla qidadır.

Belə ki, kalorisi az, amma qida dəyəri yüksək olan bu yumurta idmanda enerjisini itirən insanlara gün boyunca yüksək əhval, bol enerji vəd edir.

Nələrə faydası yoxdur ki?!

Bildirçin yumurtası xüsusilə uşaqların inkişafında vacib qidadır. Uşaqların həzm sistemini gücləndirir, iştahını artırır, immunitetini qüvvətləndirir. Xüsusilə immun sistemi zəif olan uşaqlar üçün həftədə ən az 3-4 dəfə bildirçin yumurtası qəbul etmək vacibdir.

Yumurtanın qabığı ilə bağlı ən sadə bir fakt qeyd edək – Mendeleyev cədvəlində olan 117 elementdən 27-si bildirçin yumurtasının qabığında mövcuddur. Bu səbəbdən yumurtanın qabığını atmaq olmaz, onu pərdəsindən təmizləmək, gün istisində qurutmaq, müasir mətbəx avadanlığında üyütmək, ya da həvəngdəstidə döyüb un kimi etmək lazımdır. Bir bildirçin yumurtası qabığının tozunu 10 bərabər hissəyə bölüb hər gün uşağa bir hissəsini yedirmək olar. Bu yolla körpənin təbii yolla kalsium qəbul etməsinə nail olmaq mümkündür.

Pozulmuş ekologiya, stressli keçən həyat insanlarda son illər astma xəstəliyinin sayını da artırıb. Bildirçin yumurtası qəbul edən insanlarda astma tutmaları azalır. Xüsusilə də üst tənəffüs yollarının xəstəliklərindən əziyyət çəkən insanlara bildirçin yumurtası dərmandır. Astma və bronxit xəstələrinin bildirçin yumurtasını süd ilə qarışdırıb içmələri məsləhətdir. Bu üsul öskürən insanlar üçün də faydalıdır. Təbii antibiotik olduğu üçün xəstəliklərdən qoruyur. Bu səbəblə xüsusilə qış və yaz aylarında bu yumurtanın qəbulu vacibdir.
Məktəb yaşlı uşaqlara bildirçin yumurtası daha çox faydalıdır. Çünki bu yumurta zehni qüvvətləndirir, tənbəlləşən potensialı oyadır. Hər səhər yeməyində bir bildirçin yumurtası qəbul edən məktəblinin gün boyu yaddaşı oyaq, zehni açıq olur. Şəkərli diabet, qan təzyiqi və allergik xəstəliklərin müalicəsində, eləcə də radioaktiv şüalanmaya qarşı bildirçin yumurtası əhəmiyyətli rol oynayır.

Gəlirli sahə niyə inkişaf etdirilmir?

Azərbaycandakı broyler təsərrüfatlarında bildirçin əti və yumurtası istehsal edilmir. Bu sahə quşçuluqdan kənar fəaliyyət göstərir. Satışda olan bildirçin əti və yumurtası da bu özəl fəaliyyətin məhsuludur. Ekspertlər hesab edir ki, bildirçin təsərrüfatı böyük sərmayə qoymadan qısa müddətdə böyük mənfəət gətirən rentabelli sahədir. Bu sahə ilə məşğul olan əksər istehsalçılar təsərrüfatlarda rentabelliliyin 50-70% olduğunu qeyd edirlər.

Bildirçin təsərrüfatı olan Məhərrəm Məmmədov deyir ki, bildirçinçilik həm də tez dövr edən, tez gəlir gətirən biznesdir, amma bir o qədər də həssas təsərrüfatdır:

“Yaxşı tərəfi odur ki, bu işdə rəqabət çox azdır. Ölkə bazarı bildirçin məhsulları ilə aşıb-daşmır. Pis tərəfi də odur ki, insanlar bu yumurtanın faydasını bilmir, qiymətini baha hesab edir. Bizdən fərqli olaraq dünyanın bir çox ölkələrində bildirçin təsərrüfatları çox geniş inkişaf edib. Biz 10-15 bildirçinlə təsərrüfat qururuq, amma Yaponiyada toyuqçuluqdan sonra quşçuluq sənayesində bu sahə ən iri təsərrüfatdır. Bildirçin ətinin və yumurtasının faydaları bilinəndən sonra son iki-üç ildir ki, İngiltərədə, Almaniyada, Fransada, Macarıstanda, Polşada bildirçin təsərrüfatı quşçuluğun əsas sahələrindən biridir”.

Qeyd edək ki, dünyada bildirçin yumurtası tək qida məqsədli istifadə edilmir, bu kiçik, amma faydası böyük yumurtalardan yüksək keyfiyyətli kremlər, şampunlar, dodaq boyaları, losyonlar və başqa parfümeriya məhsulları istehsal edilir. Bir bildirçin ildə 300-330 yumurta verir. Lakin quşun yumurta vermək qabiliyyəti növlərinə görə də dəyişə bilir. Yapon, ağ, ingilis, eston növləri daha çox yumurta verir. Bildirçin yumurtasının ağırlığı orta hesablar 9-12 qram olur. Bildirçin yumurtasının tərkibində çoxlu miqdarda vitaminlər, amin turşuları və mikroelementlər var. Bu yumurtanın əvəzedilməz xüsusiyyəti isə tərkibində heç xolesterinin olmamasıdır. Hər gün bir bildirçin yumurtası qəbul etməklə orqanizmdəki radioaktiv maddələrin xaric olunmasına nail olmaq olar.

Yumurtasından bir çox xəstəliklərin müalicəsində istifadə edilən bildirçinin artırılması üçün son illərdə kompleks tədbirlər görülür. Azərbaycanda ilk dəfə olaraq elmi əsaslarla işlənib hazırlanmış Bildirçin Yetişdirmə Tədris Mərkəzi də yaradılıb.

Mərkəzdən aldığımız məlumata görə hazırda mərkəzdə 10 minə yaxın bildirçin saxlanılır.

Cebhe.info

Lalə Mehralı-Araşdırmaçı jurnalist

İnterpress.az