Tahle Mirzəyev 6 iyul 2015-ci il tarixdə, saat 19.30-da özünə məxsus “Naz Lifan” markalı avtomobillə Lənkəran şəhəri istiqamətindən Lənkəran rayonunun Haftoni qəsəbəsi istiqamətində kəndarası asfalt yolla hərəkət edərkən yol hərəkəti qaydasını pozub.
Tahle Mirzəyev rayonunun Şağlaküçə kəndi ərazisində qarşıda velosipedlə hərəkətdə olan İlqar Həmidzadənin yanından ötmək istəyib. O, ehtiyatsızlıqdan İlqar Həmidzadəni vurub. Hadisə zamanı İlqar Həmidzadə ölüb.
Tahle Mirzəyev Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahle Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 3 il sınaq müddəti olmaqla 5 il müddətinə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində Tahle Mirzəyevin həbs edilməsini istəyib. Prokurorluğun protesti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası apelyasiya protestinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Baş Prokurorluğun protesti təmin edilməyib. (teleqraf.com)
İnterpress.az