Məlumata görə, iclasda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib.
MSK katibi Arifə Muxtarova Seçki Məcəlləsində referendumla bağlı bəzi müddəaları diqqətə çatdıraraq bildirib ki, referendumla bağlı bildirişlərin çap olunması avqustun 17-də başa çatacaq.
O qeyd edib ki, səsvermədə “exit-poll” keçirmək istəyən təşkilatlar sənədləri sentyabrın 6-na kimi təqdim edə bilərlər: “Səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək. Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq”.
Referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və Ədliyyə, Daxili İşlər, Maliyyə nazirliklərinin ekspertlərindən ibarət işçi qrupu yaradılıb.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçki ilə bağlı maarifləndirmə tədbirləri önəmlidir və komissiya üzvləri bununla bağlı televiziya vasitəsilə çıxışlar edəcəklər.
İnterpress.az