Martın 18-dək davam edəcək sessiya çərçivəsində plenar iclasla bərabər, Büronun və 4 daimi komitənin iclası keçirilməli, müvafiq məruzələr üzrə irəli sürülmüş düzəlişlər səsverməyə çıxarılmalı, məruzələr yenidən müzakirə olunaraq qətnamə edilməli və Avronest PA-nın cari ilin may ayında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə ünvanladığı ismarışlar qəbul edilməlidir.
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov APA-ya açıqlamasında bildirib ki, 2011-2014-cü illər ərzində davamlı şəkildə Büro iclaslarında işğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməyənədək Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti şəkildə öz etirazını bildiriblər: “Etirazlarımıza baxmayaraq, Avronest PA-nın plenar sessiyasının Yerevanda keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan nümayəndə heyəti isə haqlı olaraq öz tələblərində israr nümayiş etdirib və Avronest PA-nın İrəvanda keçirilən sessiyasında iştirakdan imtina edib”.
E.Süleymanov qeyd edib ki, Azərbaycan nümayəndə heyəti İrəvanda keçirilən sessiyada iştirak etməkdən imtina etsə də, daimi komitələr üzrə hazırlanmış məruzələrə öz düzəlişlərini irəli sürüb: “Bu düzəlişlərin bir çoxu Avronest PA-nın Avropa Parlamentindən olan bir neçə üzvü tərəfindən dəstəklənib və onlar həmin düzəlişləri bizimlə birgə irəli sürüblər. Qeyd olunan düzəlişlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və bu ərazilərin dərhal qeyd-şərtsiz işğaldan azad edilməsi çağırışları, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələbi və s. öz əksini tapıb.
Məlumdur ki, Avronest PA-nın dördüncü sessiyası Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olmasından keçən müddət ərzində keçirilən ilk sessiyadır. Digər tərəfdən, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi birliyinə üzv olması Şərq Tərəfdaşlığı proqramının, o cümlədən Avronest PA-nın məqsədləri ilə ziddiyyət təşkil edir. Odur ki, belə bir vəziyyətdə Avronest PA-nın sessiyasının İrəvanda keçirilməsi ciddi narahatlıq doğurmaya bilməz. Maraqlıdır ki, Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olmasından keçən müddət ərzində Avronest PA-da yaranmış vəziyyət müzakirə edilmədi. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar sessiyasının Ermənistanda keçirilməsi, bu dövlətin qeyd edilən qurumlara daxil olmaq haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi kimi dəyərləndirilməlidir. Digər tərəfdən, sessiyanın Yerevanda keçirilməsi Ermənistan tərəfinə qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı təbliğat üçün əlavə imkanlar yaradır və faktiki olaraq bu beynəlxalq tədbirin Ermənistana qondarma erməni soyqırımının təbliğat vasitəsinə çevriləcəyi şübhə doğurmur. Maraqlıdır ki, sərsəm erməni soyqırımına faktiki dəstək verən bu qurum nəzərə almır ki, bu qondarma iddiaların 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər hələ 1905-ci ildən başlayaraq, azərbaycanlılara qarşı soyqırım cinayətləri törətməyə başlayıb və artıq 110 ildir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətləri davam edir.
Digər tərəfdən, Azərbaycan nümayəndə heyətinin ardıcıl səylərinə baxmayaraq, Avronest PA-nın nə komitə iclaslarında, nə də plenar sessiyalarında indiyədək Ermənistanın Azərbaycan ərazilərini 23 ildən artıq müddət ərzində işğal altında saxlaması faktının müzakirə edilməsi mümkün olmayıb. Biz hər dəfə bu məsələni gündəmə gətirdikdə və işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi tələbi ilə çıxış etdikdə, Avronest PA-nın Dağlıq Qarabağ problemini həll edə biləcək təşkilat olmadığı barədə bəyanatla üzləşmişik. Lakin İrəvan sessiyasında Krım yarımadasının Rusiyaya birləşdirilməsi və Ukraynanın cənub-şərq hissəsində baş verən silahlı toqquşmalar fonunda Rusiya ilə bağlı sərt qətnamə layihəsinin müzakirəsi nəzərdə tutulur. Sual olunur: Nə üçün əraziləri uzun müddət ərzində işğal altında olan Azərbaycana da Ukrayna səviyyəsində dəstək nümayiş etdirilmir? Nə üçün işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi barədə sənədlərin qəbul edilməsi tələbi ilə çıxış etdikdə, müxtəlif mexanizmlər vasitəsilə bizim cəhdlərimizin qarşısı qəti şəkildə alınır? Beləliklə, biz bir daha digər beynəlxalq təşkilatlarda olduğu kimi Avronest PA-da da Azərbaycana münasibətdə ikili standartlar siyasəti həyata keçirilməsinin şahidi oluruq”.
E.Süleymanov əlavə edib ki, 25-26 fevral tarixlərdə Avropa Parlamentinin Avronest PA-da nümayəndə heyəti İrəvanda keçiriləcək plenar sessiyasında səsverməyə qoyulacaq komitələr üzrə məruzələrə irəli sürülmüş düzəlişlərin vəziyyətinə dair müzakirələr aparıb: “Həmin müzakirələr zamanı Yaşıllar qrupu təklif edib ki, İrəvan iclaslarında iştirak etmədikləri üçün Azərbaycan nümayəndə heyətinin bütün düzəlişləri avtomatik ləğv edilsin. Biz bu məlumatı əldə etdikdən sonra dərhal həmsədrlərə, qurumun Avropa Parlamentindən olan üzvlərinə, həmməruzəçilərə və bizimlə birgə düzəlişlər irəli sürmüş AP üzvlərinə məktublar ünvanladıq. Onların diqqətinə çatdırdıq ki, Avronest PA-nın Prosedur Qaydalarında, eləcə də qurumun bütün digər sənədlərində hər hansı nümayəndə heyətinin plenar sessiyada iştirak etməməsinə görə onun irəli sürdüyü düzəlişlərin avtomatik ləğv edilməsini və ya digər formada cəzalandırılmasını nəzərdə tutan hüquqi əsaslar yoxdur. Odur ki, işğalçı dövlətin paytaxtı İrəvana getməkdən imtina etdiyinə görə Azərbaycan nümayəndə heyətinin düzəlişlərinin ləğv edilməsi çağırışları Avropa Parlamentinin son bir neçə il ərzində Azərbaycana ünvanladığı mənfi ismarışlarını gücləndirmək planlarının tərkib hissəsi kimi qiymətləndiriləcək.
Nəhayət, vurğulamaq istərdim ki, Yerevanda keçirilən sessiya zamanı Azərbaycan nümayəndə heyətinin müstəqil və ya AP üzvləri ilə birgə irəli sürdüyü düzəlişlərin qəbul edilməsi şansı azdır. Çünki öz-özlüyündə plenar sessiyanın işğalçılıq siyasəti həyata keçirən və Aİ-nin məqsədlərinə zidd siyasi qərarlar qəbul edən dövlətin paytaxtında keçirilməsi ondan xəbər verir ki, Avronest PA digər beynəlxalq qurumlar kimi, Ermənistanı beynəlxalq sanksiyalardan sığortalamaq məqsədilə öz çətiri altına alıb. Bu isə növbəti dəfə Avronest PA-nın öz prinsip və məqsədlərini pozan mahiyyətsiz bir qurum olmasından xəbər verir”.
İnterpress.az