Xəbər verdiyimiz kimi, Azərbaycan teleməkanında yeni layihə fəaliyyətə başlayıb. Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə əməkdaşlığı çərçivəsində “Vətən uzaqda deyil” layihəsi artıq öz işinə başlayıb. İctimai televiziyanın efirində yayımlanan layihənin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, soydaşlarımızı maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında, eləcə də soydaşlarımızla tarixi vətənləri arasında etibarlı körpü yaratmaqdan ibarətdir.
İnterpress.az xəbər verir ki, diaspor.az xaricdəki diaspor nümayəndələrinin “Vətən uzaqda deyil” layihəsi ilə bağlı fikirlərini öyrənməyə çalışıb. Sırf diaspor sahəsində formalaşan bu layihə xarici ölkələrdə yaşayan Azərbaycanın diaspor liderləri tərəfindən də maraqla qarşılanıb.
“Vətən uzaqda deyil” layihəsinə münasibət bildirən İsveçdə yaşayan Azərbaycan əsilli aktivist, məşhur “Forbes” jurnalının siyahısına düşən ən gənc lider, Antisemitizm və Ksenofobiyaya qarşı Gənc İnsanlar Dərnəyi (“Young people against Antisemitism and Xenophobia”) təşkilatının sədri Siyavuş Derəxti Diaspor.az-a açıqlamasında qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər dəyişikliyindən sonra həyata keçirdiyi bir sıra uğurlu layihələrin səsi İsveçdən də eşidilir: “Ümumiyyətlə, bir məsələni qeyd edim ki, komitədəki son dəyişikliklərdən sonra inkişafa doğru müsbət irəliləyişlər açıq-aşkar görünür. Komitənin saytının və yeni loqosunun tam yenilənmiş formada ərsəyə gəlməsi bunun bariz nümunəsidir. Eyni zamanda, komitə sədrinin rəhbər təyinatından qısa müddət sonra xarici səfərlərə başlaması diasporumuzun çiçəklənməsinə zəmin yaratdı. Bu, bizim kimi xaricdə yaşayan gənclərin də fəaliyyətinə müsbət təsirlər bağışladı”.
S.Derəxti bildirib ki, “Vətən uzaqda deyil” layihəsi Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə dövlətimizə xidmət edən azərbaycanlılara verdiyi dəyərdir: “Bəli, mən İsveçdə yaşasam da, burada, eyni zamanda, Avropada fəallıq nümayiş etdirsəm də, Vətənimdən heç vaxt uzaqda olmadığımı bilirdim. Amma DİDK yeni layihə ilə bunu bir daha sübut etmiş oldu. Bu layihə bizdə inam yaratdı, bizdə sabaha olan ümidi artırdı. Bizim daha da fəal olmağımız üçün yaxşı mənada sanki bəhanə oldu”.
İnterpress.az