Avropa İttifaqı (Aİ) İrana qarşı tətbiq etdiyi sanksiyaları insan haqlarının pozulması səbəbilə genişləndirmək qərarına gəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İranda Məhsa Eminin ölümündən sonra başlayan nümayişlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsi və nümayişçilərə verilən edam hökmləri səbəbindən İrana qarşı hazırlanan beşinci sanksiya paketi Avropa İttifaqı Xarici İşlər Nazirləri Toplantısında qəbul edilib.
Buna uyğun olaraq, Aİ ölkələri İranın irşad və mədəniyyət naziri Muhammet Mehdi İsmaili və təhsil naziri Yusuf Nuri də daxil olmaqla 32 şəxs və 2 təşkilata sanksiya tətbiq edəcək.
Sanksiyalar siyahısında olanların aktivlərinin dondurulması, Aİ ölkələrinə səfərlərinin qadağan edilməsi, bu şəxslər və təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması daxildir.
Siyahıya iki nazirdən başqa bəzi millət vəkilləri, polis qüvvələri və ədliyyə orqanlarının üzvləri, bəzi həbsxanaların rəsmiləri, İran İnqilab Keşikçiləri Ordusu, Hüquq Mühafizəsinə Yardım Fondu və Polis İnstitutunun Elm və Sosial Araşdırmalar İnstitutunun məsul şəxsləri yer alıb.
Son qərarla İrana qarşı sanksiya siyahısında olan şəxslərin sayı 196-ya, təşkilatların sayı isə 33-ə yüksəlib.