Almaniyanın silah və hərbi texnika ixracı bu il rekord qıraraq, təxminən 11,71 milyard avroya çatıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Sol Partiyanın parlamentdəki sualını cavablandıran Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi hökumətin bu il təxminən 11,71 milyard avro dəyərində silah və hərbi texnikanın satışını təsdiqlədiyini açıqlayıb.
Beləliklə, Almaniyanın 2023-cü ildə silah və hərbi texnika satışı rekordu qırdı. Berlinin silah və hərbi texnika satışında əvvəlki illik rekord 9,35 milyard avro ilə 2021-ci ildə qeydə alınıb.
Nazirliyin cavabına əsasən, Almaniyanın bu il ən çox silah və hərbi texnika satdığı ölkə Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna olub. Berlin Kiyevə 4,15 milyard avro dəyərində silah və texnikanın satışını təsdiqləyib.
Almaniya hökumətinin Ukraynaya ixrac icazələri arasında Leopard 2 tankları, Patriot hava hücumundan müdafiə sistemləri, Gepard tipli zenit tankları, döyüş sursatları, PzH haubitsaları, stinq raketləri, əl qumbaraatası, dəbilqə və nəqliyyat vasitələri də var.
Almaniya hökuməti bu il 6,15 milyard avroluq silah və 5,57 milyard avroluq hərbi texnikanın satışını təsdiqləyib ki, bunun da 90 faizi Avropa İttifaqı (Aİ) və NATO ölkələrinə olacaq.
Almaniyada silah ixracına nəzarətə gəldikdə, Ukraynaya Yaponiya, Avstraliya və ya Cənubi Koreya və NATO ölkələri kimi yanaşırlar.
Almaniya hökumətinin İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi digər üçüncü ölkələrə 1,76 milyard avro dəyərində silah ixracına icazə verməsi də diqqət çəkib.
Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin noyabrın 8-də verdiyi açıqlamaya görə, Almaniyanın İsrailə silah və hərbi texnika satışı 10 ayda təxminən 10 dəfə artaraq 303 milyon avroya çatıb. İsrail-Fələstin münaqişəsinin başlamasından sonra ilk bir neçə həftə ərzində federal hökumət İsraildən 185 müraciəti təsdiqləyib.