Almaniyanın Konstitusiya Məhkəməsi sığınacaq axtaranların sosial ödənişlərinin azaldılmasına icazə verib.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Konstitusiya Məhkəməsi qərar qəbul edib.
Karlsrue şəhərində yerləşən məhkəmənin qərarına əsasən, Almaniyaya yeni gələn sığınacaq axtaran şəxslər və deportasiyası təxirə salınan insanlar ölkədə olduqları ilk aylarda tam sosial ödənişlər almaq hüququna malik deyillər.
Hakim heyəti dövlətin belə şəxslərə standart “Bürgergeld” müavinəti və ya digər adi sosial yardımlar alanlarla müqayisədə müvəqqəti olaraq daha az vəsait ödəmək səlahiyyətinin olduğunu təsdiqləyib.
Məsələ ölkəyə daxil olduqdan sonra ilk 15 ay ərzində yalnız baza müavinətlərinin ödənilməsi qaydası ilə bağlıdır. Bu baza müavinətləri standart sosial ödənişlərdən təxminən 20% aşağıdır.
Qanunvericilər bunu ölkədə yaşamaq üçün təsdiqlənmiş hüququ olmayan şəxslərin inteqrasiya və bəzi məişət xərclərinə ehtiyacının daha aşağı olması ilə izah ediblər.
Məhkəmə də razılaşıb ki, ilkin mərhələdə televizor, kompüter, idman avadanlıqları kimi iri alışlar və ya xüsusi kursların ödənişi kimi xərclərin nəzərə alınmaması qanunauyğundur.
Qərar Almaniyanın miqrasiya siyasətində tətbiq edilən yeni tənzimləmələrin bir hissəsidir və sosial müavinətlərin verilməsi ilə bağlı dövlət büdcəsinin səmərəli idarə olunmasına xidmət edir.
Xuraman Etibarlı
İnterpress.az






