Amerikada Kür suyu ilə xəmir yoğurmaq, Hindistanda Qarabağ duası – “Bir dəfə uzaqlarda”backend

Amerikada Kür suyu ilə xəmir yoğurmaq, Hindistanda Qarabağ duası – “Bir dəfə uzaqlarda”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə də qarşılaşırıq.

Lent.az “Bir dəfə uzaqlarda” rubrikasında tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edir.
Rubrikanın bugünkü qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır.

“1982- ci il. SSRİ-nin hər respublikasından iki nəfər olmaqla bir nümayəndə heyəti Fransaya “Humanite” qəzetinin yubileyinə getmişdik. Azərbaycandan “Elm” nəşriyyatının direktoru Faiq Məlikov və mən – “Yazıçı” nəşriyyatının baş redaktoru. Nədənsə, nümayəndə heyətinə Ermənistan KP MK-nin şöbə müdiri başçılıq edir. Jurnalistikaya dəxli olmayan bir adam… Rəsmi tədbirlərdən sonra bizi Paris Komunarlarının məzarlarını və Per-Laşez qəbristanını ziyarətə apardılar. Bələdçi və qrup rəhbəri bizi at üstündə ağ mərmərdən yonulmuş, kiçik bir heykələ yaxınlaşdı. Qəbrə yaxınlaşanda qrup rəhbəri başladı ki, bu, Ermənistanın milli qəhrəmanı Andonikin heykəlidir. Sonra dəstəni şəkil çəkdirməyə dəvət etdi. Mən qəzəbdən partlayıram. (Andronikin Per-Laşezdə basdırıldığını mənə prof. Abbas Zamanov demişdi. Hətta bu heykəli qomoseksualistlərin qoydurduğunu da bilirdim.). Faiq irəli addım atmaq istəyəndə qolundan tutub saxladım. Dəstədən bizi çağırdılar ki, niyə yaxınlaşmırsız? Mən dedim, biz ayrıca çəkdirəcəyik. Onlar şəkil çəkdirib aralandılar biz yaxınlaşdıq. Hamı maraqlanır ki, niyə biz dəstəya qatılmadıq. Mən yaxınlaşıb tüpürdüm heykəlin üzünə. Faiq təəccüblə üzümə baxanda “Sən də tüpür! Görmürsən bu kimin heykəlidir?” – dedim. Faiq elə bil ayıldı və o da tüpürdü…

Ermənistandan olan ikinci nümayəndə – qadın əslən Gəncəli idi. Mənə yaxınlaşıb azərbaycanca,”Zemlyak, niyə belə edirsiniz? Axı o bizim qəhrəmanımızdır”. Mən bərkdən və qəsdən rusca dedim: “O, sizin qəhrəmanınız ola bilər, ancaq bizim düşmənimizdir. Bunlar hərəsi bir respublikadandır. Andranik-mandranik tanımırlar, onları niyə aldadıb bura gətirmisiz. Mən qayıdıb Moskvaya bu partiya işçisinin dəstəni proqramda olmayan yerə – bir qatilin üstünə gətirdiyini yazıb, şikayət edəcəyəm…” Sonra fürsət düşdükcə başqa respublikalardan gələnlərə “qulağıkəsik paşa”nın kimliyini anlatdıq. Ermənilər səfərin sonuna kimi bizim könlümüzü almağa çalışdılar”…

***

“1985-ci il. Türkləri öz ərazisindən vəhşilklə qovan Bolqarıstanda Azərbaycan günləri keçirilir. Rəhmətlik Xalq şairimiz Nəbi Xəzri,

Azərbaycanın Xarici Ölkələrlə Dostluq komitəsinin sədri, məni 25 nəfərlik qrupun rəhbəri təyin edərək, “Sən dövlət hesabına gedib-gələcəksən”- deyib. Musiqiçilərimizlə danışmışıq, hər yerdə türk mahnıları səsləndirilir, bolqarların suallarına “bu, bizim öz musiqimizdir!” – deyirik. Gəzinti marşrutunda Rusiyanın Osmanlı üzərində (bolqarların xəyanəti nəticəsində) qələbəsi şərəfinə qoyulmuş Şipka abidəsi də var. Təpənin ətəyində turist avtobusları dayanib, hamı pilləkənlərlə yuxarı dırmaşır, mən dəstəni dayandırdım. “Biz çıxmırıq!” Bələdçi, bolqar qızı səbəbini soruşanda dedim biz bura gələndən hər yerdə türklərin əleyhinə danışırsınız. Özünüz SSRİ-nin 16-cı respublikası ola-ola SSRİ respublikalarından beşinin türk olduğunu nəzərə almırsınız. Siz bu dəstəni təhqir edirsiniz və bizə bələdçi ola bilməzsiniz. Geri döndükdən sonra fikrimi təşkilatçılara da bildirdim. Bizə başqa bələdçi verdilər və axıra qədər türk əleyhinə bir kəlmə eşitmədik.

… Səfər çərçivəsində dörd gün Qara dəniz sahilində, Albenada da dincəldik. Üzməyi xoşlayıram. İkinci gün dənizə girəndə qrupumuzdakı rus – Aleksandr mənə yanaşdı: “Görürəm, yaxşı üzürsüz, istəyirsiz qoşulum sizə?” Nə deyəcəkdim. “Lap yaxşı!” Yanaşı üzürük, hərdən səfərimizdən, gördüklərimizdən danışırıq. Üfüqdə dəniz velosepedçiləri əylənir. Onlara nə vaxt çatdığımızı bilmədik. İtalyanca qışqırır, əllərini uzadır, velosipedi göstərirlər. Yəni, uzağa üzmüsüz, yorulmusunuz, tutun, bir az dincəlin… Aleksandr mənə baxdı, mən ona baxdım. “Qayıdaq?” ”Qayıdaq!” Başımızla təşəkkür edib dincəlmədən velosipedlərin ətrafında dövrə vurub geriyə üzməyə başladıq. Yenə ara-sıra söhbət edirik, ancaq çox danışmırıq, nəfəsimizi qoruyuruq. Yoldaşla belə üzmək xoşdur.

Çimərliyin qadağa sərhədinə otuz-qırx metrə qalıb. Uşaqlı-böyüklü çimənlərin səs-küyü eşidilir. Birdən Aleksandr mənə “doğrudan da çox yaxşı üzürsüz!” – dedi. “Belə də, həvəskaram.” Alekandr güldü: “Bilirsiz mən kiməm? Azərbaycanın yığma voterpol komandasının mərkəz hücumçusu.” Bunu dedi və sürətini dəyişmədən, qadağa ipinin bənd edildiyi şarın yanından üzdü getdi sahilə doğru. Yəqin burda sahilə lap az qalmış nə isə ola biləcəyi heç ağlına gəlmir. Birdən mənim bütün bədənim qurudu. Qollarım kəsilmiş kimi, hərəkətsiz yanıma düşdü.

Batıram. Arxası üstə çevrildim. Adi hallarda beləsə suyun üstündə yata bilirəm, ancaq indi dəniz sanki coşdu, dalğa qabardı, su boqazıma doldu. Çevrildim. Xeyri yoxdur. Adamlar yaxındadır, ancaq “Kömək edin!” qışırmağı özümə sığışdırmıram. Açıq-aşkar boğuluram. Sonra nədənsə, “bu da taleyin yazısıdır!”-düşünərək, müqavimət göstərməkdən yorulub, özümü suya buraxdım. Ancaq beynim işləyir: “Bəs bu adamlar? Bu boyda məsuliyyətin altına girmisən.” və s. Suyun altında ha gözləyirəm, dənizin dibi çəkmir, çiyinlərimlə nəfəs alıram. Yenə suyun üzünə qalxdım. Bunu bir neçə dəfə təkrar etdim. Nəfəsim kəsilənə kimi suyun altında qalır, sonra üzə çıxıram. Bir dəfə də suya batanda birdən hiss etdim ki, nəfəsim qayıtdı, qollarım açıldı, bədənim hərəkətə gəldi və heç nə olmamış kimi üzüb sahilə çıxdım. O gözlənilməz həyat mücadiləsindən, ölümün qapısından qayıtmağımdan heç kimin xəbəri olmadı”.

***

“26 may. Ərzurum-Kayseri yolu. Firudin Ağasıoğlu, o zamankı Pedaqoji İnstitutun müəllimi Yunus Məmmədov və mən. Öz maşınımızla Kayseridə keçirilən Birinci Uluslararası Böyük Azərbaycan konqresinə gedirik. O arada maşını mən sürürəm. Yol polisi durdurdu: “Əfəndim, radara düşdünüz”. Bizdə hələ radar yox idi . Təəccüblə baxdığımı görüb izah etdi: “Sürət həddini aşmısınız, radara düşmüsünüz!” Mən halımı pozmadan: “Əfəndim, mən tarixə düşmüş birisiyəm, radara düşəndə nə olacaq?!” Gənc polis anladı və güldü: “Tarixə düşmüsünüzsə, sizə bir söz deyəməm, buyurun, devam edin”. Ayrılarkən ürəyində soru qalmasın deyə: “Mən yazaram, sürücülərim də bu iki professordur!” dedim”.

***
“6 iyun,1992. Nyu-York. Türkiyənin təşəbbüsü, Amerika-Türkiyə cəmiyyətləri, Türk Dünyası Araşdırmaları vaqfı, BMT-dəki Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Nyu-Yorkda yenicə müstəqillik qazanmış türk respublikalarının problemlərinə həsr edilmiş uluslararası konfrans keçirilir. Mən də ABŞ-ın birtərəfli siyasətini sərt tənqid edən bir çıxış etmişəm. Rəsmi hissədən sonra ziyafətə toplaşmışıq. Ortaya yekə bir “Türk qazanı” qoyulub. Hər kəs öz ölkəsindən gətirdiyi torpağı və suyu qarışdırıb bir “türk xamırı” yoğuracağıq və bunu helikopter Nyu-Yorkun başı üstündə gəzdirəcək. Qazana yaxınlaşırıq. Türkiyədən gəlmiş dostumuzun qanı qaradır.
“Nə olub?” – soruşuram.
“Torpaq gətirmişəm, su yadımdam çıxıb!” Ani düşüncədən sonra: “Gəl mənim suyumu bölək!” – dedim.
Etiraz etdi. “Düz olmaz, əfəndim. Türkiyə suyu gətirməliydim!”
Mən:
“Lap düppədüz olur, əfəndim. Zatən Bakının suyu Kür suyudur. Kür də Türkiyədən başlanıb gəlir!”
Gülə-gülə Bakıdan apardığım suyu böldük”…

***
“İranda zəlzələ olub. Qonşu Ərdəbildə dağıntı çoxdur. Tənzilə xanımı da götürüb, getdim Ərdəbilə. Tanışlar zəlzələnin dağıtdığı yerləri gəzdirdilər. Bizim dağların o üzüdür. Dağılan qazma, palçıq evlərdir. Zəlzələdən sonra yerinə qırmızı kərpicdən ikiotaqlı, amma səliqəli, kiçik evlər tikirlər. Ərdəbilə qayıtdıqdan sonra ostandarla görüşdüm. Balacaboy bir adamdır. Nə məqsədlə gəldiyimi dedim. “Qonşuyuq, zəlzələdən zərər çəkənlərə nə yardım edə bilərik?” Razılığını bildirdi.
Tərcüməçiyə: “Ehtiyac yoxdur, türkcə danışarıq!” – dedi.
Sevindim ki, türkdür. Fikrimi gizləmədim: “Kəndlərə baxanda narahatlığım dağıldı, əksinə, sevindim ki, nə yaxşı zəlzələ olub və hökumət kəndliləri qazmalardan normal evlərə köçürür.”
O da diqqətlə qulaq asır. Mən coşmuşam: “İran hökuməti Azərbaycan ostanlarına baxmır!” “Düzdür, ağa!” deyir. “Ögey-doğmalıq edir” “Düzdür, ağa!” deyir. “Farslar yaşayan ostanlara daha çox sərmayə qoyur, türk düşmənçiliyi edir, 35 milyon türkün dilini yasaqlamaq olmaz!” – deyirəm. Hamısını “düzdür” deyə-deyə təsdiqləyir. Hörmətlə yola salır məni.
Bir neçə ay sonra İranda prezident seçkiləri oldu. Baxdım ki, seçilən Əhmədi Necat Ərdəbildə mənim İran hakimiyyəti əleyhinə danışdıqlarımı “Bəli, ağa!” – deyərək təsdiqləyən həmin Ərdəbil ostandarıymış”.

***
“Parisdə, Millətlər sarayında Güney Azərbaycan Milli Hökumətinin 60 illik yubileyinə həsr etdiyimiz konfransdan sonra Bakıya, ucuz olsun deyə Çexiya təyyarəsi ilə uçuruq. Təyyarə Praqada iki saatlıq eniş edəndən sonra yenidən havalandı. Təxminən bir saat uçmuşduq ki, birdən təyyarədən bərk bir gurultu qopdu. Elə bil ki, təyyarə partladı. Gurultudan sonra bir neçə saniyə təyyarə uçuruma düşən kimi aşağı endi. Elə bildik yerə gedirik. Sonra enmə dayandı, amma hiss olunurdu ki, təyyarə bir böyrü üstə əyilərək uçur. Dünya Azərbaycanlılar Konqresinin iyirmiyə yaxın fəalı ilə bir yerdəydik. Bir də baxdım, Xalq artistimiz İlhamə Quiyeva kəlmeyi-şəhadətini oxuyur, yerdə qalanlar da rəngləri qaçmış Allaha yalvarırlar. Bir azdan gənc təyyarə bələdçisi və bir kişi gəlib düz mənim böyrümdə ayaq altındakı qapağı açıb əl fənəri ilə aşağıya baxmağa başladı. Sonra qızın əlindəki balaca güzgünü də ora tutdular. Bu boyda gurultudan sonra əl fənəri və güzgü nəyə yarayardı, başa düşmədim. Qızın rəngi kağız kimi ağarmışdı. Hələ çox gəncdir. Əlimi yavaşca çiyninə qoyub “qorxma, hər şey yaxşı olacaq” – dedim. Çexlər rus dilini sərbəst başa düşürlər. Bir azdan partlayış bir də təkrar olundu. Port mühəndisi ilə qızın danışığını eşidirdim. Radarın itməsindən, motorun sıradan çıxmasından danışırdılar. İkinci partlayışdan sonra kapitan elan etdi ki, “texniki nasazlıqdan təyyarəmiz geriyə, Praqaya qayıdır.”
Elan etmədən qayıtsa, daha rahat olardı. Hər kəs bilir ki, ən azı bir saat da geriyə uçmaq lazımdır və təyyarə isə hər dəqiqə yerə düşə bilər. Dəstə üzvlərinə ürək-dirək verirdim, əslində isə içimdə ən çox narahatçılıq keçirən mən idim. Çünki bu adamlar Parisə mənim dəvətimlə getmişdilər. Bir saatdan sonra təyyarə Praqa aeroportunun uçuş zolağına endi. Gözləmə salonunun pəncərəsindən baxırdıq. Birdən təmir edib, bizi yenidən bu təyyarə ilə göndərərlər. Onda təyyarəyə minməyəcəkdik. Amma gördük yüklərimiz başqa təyyarəyə daşınır. Bir azdan Bakı reysi yenidən elan edildi və başqa bir təyyarə ilə uçub sağ-salamat vətənə çatdıq”.

***
“Şahmat Federasiyasının prezidenti idim və şahmatçılarımızı Hindistana, yarışa aparmışdım. Dehlidə müsəlman məhəlləsində dağıntıları və bütöv qalan minarəsi ilə də adamı heyrətə salan məscidi görməyə getmişdik. Məscidin həyətində qara metaldan sütun var. Niyyət sütunu. Hətta dövlət başçıları gəlib burda niyyətlərini sınayırlar.
Çox sadə yolla. Sütunu qucaqlayırsan, əllərin bir-birinə çatsa, deməli niyyətin yerinə yetəcək. Ancaq çətinlik burasındadır ki, sütunu kürəyini ona söykəyərək arxadan qucaqlamalısan. Niyyət şərtlərinə görə, kimsə əlləri bir-birinə çatdırmağa kömək edə bilər.
Bələdçim dedi ki, yaxın günlərdə Yeltsin də sütunu qucaqlamağa çalışmışdı. Mən də niyyət tutdum. “İlahi, Qarabağı qaytara biləcəyiksə, əllərim bir-birinə çatsın”. Elə belə də qollarım uzundur, amma sütunu qucaqlayanda gördüm bu o qədər də asan iş deyil. Gərilib, bütün gücümlə əllərimi bir-birinə yaxınlaşdırmağa çalışdım. Birdən baş barmaqlarımın hənirini hiss elədim. Sanki güc gəldi və baş barmaqlarım bir-birinə toxundu. Sonra hansı sehrli bir güc isə qollarımı dartıb uzatdı, əllərim bir-birinə keçdi. Heç bir kömək olmadan”…

 

 

 

İnterpress.az