Fransa və Almaniya 100 milyardlıq yeni nəsil qırıcı layihəsindən imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fransa və Almaniya liderləri yeni nəsil döyüş qırıcısının hazırlanması və yaradılmasını nəzərdə tutan irimiqyaslı birgə layihədən imtina etmək barədə razılığa gəliblər. Bununla da Avropanın ən iddialı müdafiə proqramlarından birinə son qoyulub.
Rəsmi şəxslərin verdiyi məlumata görə, Almaniya Kansleri Fridrix Mers və Fransa Prezidenti Emmanuel Makron ötən həftə Monteneqroda keçirilən Aİ-Qərbi Balkanlar sammiti çərçivəsində problemli layihəni müzakirə ediblər.
Tərəflər aylarla davam edən fikir ayrılıqlarının və çıxılmaz vəziyyətin aradan qaldırılması üçün heç bir perspektiv olmadığı qənaətinə gəliblər.
Dəyəri 100 milyard avro (təxminən 197,47 milyard manat) olan layihə pilotsuz uçuş aparatları ilə dəstəklənən və gizli “döyüş bulud şəbəkəsi” ilə əlaqələndirilən yeni nəsil qırıcının yaradılmasını nəzərdə tuturdu.
Lakin hər iki tərəf texniki xüsusiyyətlər, idarəetmə sistemi və hərbi təyyarəyə dair tamamilə fərqli tələblər irəli sürərək ortaq məxrəcə gələ bilməmişdilər.
Aylarla davam edən bu gərgin mübahisələr nəticəsində layihənin gələcəyi böyük sual altında qalmışdı və nəhayət liderlər ondan tamamilə imtina etmək qərarı veriblər.
Xuraman Etibarlı
İnterpress.az






