Azərbaycan Ginnesin Rekordlar Kitabına düşməlidir, hələ tarixdə elə bir hal olmayıb ki… – Fəzail İbrahimlibackend

Azərbaycan Ginnesin Rekordlar Kitabına düşməlidir, hələ tarixdə elə bir hal olmayıb ki… – Fəzail İbrahimli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra əldə etdiyi qələbə, əslində, Ginnesin Rekordlar Kitabına düşməlidir. Dünyada elə bir dövlət yoxdur ki, dünyada əhalisi, ərazisi kiçik olan bir dövlət dünyanın aparıcı güclərinə qalib gəlsin. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ermənistan üzərində deyil, Avropanın, Rusiyanın, ABŞ-nin maraqlarına qarşı çıxaraq torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü, suverenliyini bərpa etdi”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli ADA Universitetində Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışını şərh edərkən deyib.

O bildirib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu forumda da Azərbaycanın beynəlxalq münasibətlər sistemində, xüsusən Qərblə Şərq, Şimalla Cənub arasında oynadığı əhəmiyyətli rolu, bu istiqamətdə atdığı addımları faktlarla dünya ictimaiyyətinə çatdıraraq, Azərbaycanın haqq işinə və səsinə səs verməyə çağırdı: “Prezident tədbirdən həm də Azərbaycanın yürütdüyü xarici siyasət, regional və qlobal məsələlərlə bağlı mesajlarını beynəlxalq ictimaiyyətə çatdırdı”.

Deputat böyük dəvlətlərin və güclərin Azərbaycana olan münasibətini iki mərhələyə bölüb:
“Birincisi, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdəki münasibətidir. Dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq, vandalizm hərəkətlərinə, soyqırımı siyasətinə susur. Sanki onlar üçün mahiyyət kəsb etmir. İşğalçılıq siyasətini həyata keçirən dövlətə qarşı reaksiya verilmir, onun işğalçılıq siyasəti qınanılmır. Əksinə, həmin güclər Azərbaycanı hər vasitə ilə Ermənistanın işğal siyasəti ilə barışmağa sövq edirlər. Amma buna nail ola bilmirlər. Çünki dövlət başçısının sərgilədiyi qətiyyətli mövqe nəticəsində Azərbaycan bir qarış torpağını güzəştə getmədi.

Azərbaycan görəndə ki, beynəlxalq hüquq beynəlxalq gücün yedəyində gedir və Qarabağ məsələsini beynəlxalq hüquq prinsipləri ilə həll etmək mümkün deyil, o zaman öz potensialından istifadə etməklə dövlətin iqtisadiyyatını, ordusunu gücləndirib qüdrətli dövlətə çevrilmək yolunu tutdu. Güclü iqtisadiyyata və orduya malik Azərbaycan hüquqlarından istifadə edərək işğala son verib ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu zaman böyük güclərin kürkünə birə düşdü… Azərbaycan bununla həmin güclərin Cənubi Qafqazdakı maraqlarını, nəzərdə tutduqları layihələri puça çıxardı. Bax, bundan sonra böyük güclərin Azərbaycana qarşı ikinci mərhələdəki münasibətləri başladı.

Həmin güclər diplomatiyanı kənara qoyub birbaşa Azərbaycana qarşı açıq mübarizəyə keçdilər. Beynəlxalq aləmin gözü qarşısında Ermənistanı sürətlə silahlandırmaq yolunu seçdilər. Amma bu da nəticə vermir və verməyəcək də…

Bax, bütün bu səbəblərdən də mən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əldə etdiyi qələbənin Ginnesin Rekordlar Kitabına düşməsini təklif edirəm. Hələ tarixdə elə bir hal olmayıb ki, ərazisi kiçik, əhalisinin sayı az olan bir dövlət böyük dövlətlərin və güclərin birbaşa himayə etdiyi bir dövlət üzərində qələbə çalsın. İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistanın deyil, dünya erməniçiliyi və onların havadarları üzərində qələbə çaldı. Azərbaycan Avropanın, Rusiyanın istəyinə qarşı çıxdı. Dünyanın siyasi sükanı araxasında oturan ABŞ-nin istəyinin reallaşmasına imkan vermədi. Torpaqlarını işğaldan azad etdi. Dünyada varmı belə bir dövlət!? Varmı belə bir Prezident ki, ətrafı düşmən ölkələrlə əhatə olunan kiçik əraziyə malik bir dövlətə rəhbərlik etsin. Qonşuların daim sənə qərəzli münasibət bəsləsin və belə bir şəraitdə sən qələbə çalasan. Bax, Azərbaycanın bu şücaəti, qüdrəti böyük dövlətləri şoka saldı.

Amma bu qərəzli münasibətlərə baxmayaraq, Rusiya-Ukrayna müharibəsində çətinə düşən kimi həmin Avropa Azərbaycana üz tutdu. Azərbaycana ehtiyac duyub, ayağına düşdü. Ancaq həyat göstərdi ki, canavara nə qədər yem versən, gözü yenə meşədədir, əqrəbə nə qədər bal versən, onu zəhərə çevirir. Azərbaycan mövqeyindən asılı olmayaraq bütün dövlətlərlə münasibətlərini bərabərhüquqlu səviyyədə sivil qaydada qurmaq istəyib və bu prinsiplərə sadiqdir. Ancaq Azərbaycan heç kimə boyun əyməyib və əyməyəcək də… Bunun da əsas səbəbi dövlət-hakimiyyət-xalq-ordu birliyindədir. Prezident forum iştirakçılarının suallarını cavablandırarkən Azərbaycanın mövqeyini açıq, hamının başa düşəcəyi dildə detallı şəkildə dünya ictimaiyyətinə çatdırdı. Prezident beynəlxalq aləmə onu da mesaj verdi ki, kimsə yeni dünya düzəninin formalaşmasında Azərbaycanın mövqeyini nəzərə almaya və onu görməzdən gələ bilməz. Qərblə Şərq arasında əlaqələrin qurulması Azərbaycansız mümkün deyil. Son olaraq onu qeyd etmək istərdim ki, Azərbaycan ərazicə kiçik dövlət olsa da, beynəlxalq münasibətlər sistemində boyu uca dövlətlər sırasındadır”.