Azərbaycan Sosial Rifah Partiyasının Beynəlxalq Əlaqələr və İctimaiyyətlə Əlaqələr Şöbəsindən İnterpress.az-a verilən məlumata görə, bəyanatda ermənilərin həyata keçirdiyi soyqırım aktı barədə ətraflı məlumat verilib.
Bəyanatı təqdim edirik:
26 Fevral 1992 ci il Xocalı soyqırımından 30-cu ildönümü tamam olur. Bu gün də, Xocalı Soyqrımını törədən şəxslər, o separatçı qüvvələr layiqli şəkildə cəzalandırılmayıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri belə illərlə öz real həllini tapmamışdı. Ən dəhşətlisi də, odur ki, bu gün Xocalı soyqrımını törədən Ermənistana da, Xocalı soyqrımı kimi o qətliamı yaşayan Azərbaycan da, beynəlxalq ictimaiyyət tərəfindən eyni mövqedə, dəyərləndirilir. Bu isə birmənalı olaraq böyük haqsızlıqdır! Çünki Azərbaycan heç bir zaman işğalçı bir dövlət olmayıb. Azərbaycan illərdir işğala məruz qalan və dünya ictimaiyyətinin seyrici qaldığı Xocalı soyqrımını yaşayan bir dövlətdir! Ona görə də, o dəhşət saçan Xocalı Faciəsi üzərindən illər keçsə də, unudulmamalıdır! 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən XX əsrin ən böyük bəşəri cinayətlərindən sayılan Xocalı soyqırımı törədildi. Düz 30 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilib.
Yandırılan şəhərdən xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla qətlə yetiriliblər. İnsanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olan Xocalı Soyqırımı insan hüquq və azadlıqları konvensiyalarının, beynəlxalq hüququn kobudcasına pozulmasıdır. Bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.
Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. İnsanlıq adına qanlı bir ləkə olan bu cür qətliamların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının qərarları çərçivəsində Xocalı soyqırımına layiq olduğu diqqəti yetirməsinin və lazımi reaksiya göstərməsinin vacib olduğunu bir daha vurğulayırıq. Bu haqlı davada həmrəyliyimizi ifadə edərək, Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmə qarşısında çıxarılmasına çağırırıq.